CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotik istifadəçilərinə Səhiyyə Nazirliyindən məsləhətlər

© Depositphotos.com / AmixstudioШприцы и таблетки
Шприцы и таблетки - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Abunə olmaq
"Narkotik maddələrdən istifadə edilməməli, istifadə edən şəxslər isə fərdi şpris və digər inyeksiya ləvazimatlarından istifadə etməlidirlər" - Səhiyyə Nazirliyi.

BAKI, 17 fevral — Sputnik. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsini icra edən Esmira Alməmmədova QİÇS-lə bağlı sualları cavablandırıb. Sputnik Azərbaycan E.Alməmmədovanın müsahibəsini təqdim edir:

- AİDS/QİÇS nədir? İnsan orqanizmində inkişaf prosesi necədir?

- Ümumiyyətlə, bu iki anlayışı biri birindən ayırmaq lazımdır. İİV – İnsanın İmmunçatışmazlığı Virusudur (НİV, ВИЧ). İIV-infeksiyası - İnsan İmmunçatışmazlığı Virusu ilə yoluxma nəticəsində inkişaf edən və immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir. QİÇS – Qazanılmış İmmunçatışmazlığı Sindromudur (AIDS, СПИД) və  İİV-infeksiyasının son mərhələsidir, insanın immun sisteminin zədələnməsi nəticəsində yaranan ağır, çox vaxt müalicə olunmayan ikincili xəstəliklərlə (opportunistik infeksiyalar, bədxassəli şişlər və s.) səciyyələnən mərhələdir.

- İİV- infeksiyası insan orqanizminə necə təsir göstərir?

- İİV insanın immun (müdafiə) sisteminin hüceyrələrində çoxalaraq, onları məhv edir. Nəticədə insanın immun sistemi zədələnir və müdafiə funksiyasını yerinə yetirə bilmir. Bu zaman insan orqanizminin müxtəlif xəstəliklərin törədiciləri və bədxassəli şişlərlə mübarizə aparmaq qabiliyyəti zəifləyir, insanda sağalması mümkün olmayan ağır infeksion və onkoloji xəstəliklər inkişaf edir, müalicə tətbiq olunmasa, xəstəlik ölümlə nəticələnir.

- İİV/QİÇS haqqında nələri bilməliyik?

- Bu xəstəliyin tam müalicəsi yoxdur: tətbiq olunan virusa qarşı müalicə- antiretrovirus müalicə (ARV-terapiya) adlanır. ARV-terapiya ömürlükdür, orqanizmin köklü sanasiyası hələ ki mümkün deyil. Lakin, ARV-terapiya İİV-ə yoluxmuş insanların həyatını uzadır, həyat keyfiyyətini xeyli yaxşılaşdırır. Vaxtında tətbiq olunan ARV-terapiya ölüm hallarının qarşısını alır.

- Bir çox hallarda insanlar xəstəliyə yoluxma yollarını qarışdırırlar...

- Xəstəliyə yoluxma yollarına gəldikdə, İİV-ə yoluxmanın cəmi 3 yolu var. Cinsi yol: İİV-ə yoluxmuş insanla homo- və heteroseksual kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində yoluxma baş verir.  Parenteral yol: İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində; İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı xəstəliyə yoluxma baş verir. İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə etməklə, o cümlədən inyeksion narkotiklərin istifadəsi nəticəsində yoluxma baş verir. İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarinin istifadəsi nəticəsində yoluxma baş verir. Perinatal yol: İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində olur.

İnsanlar çox zaman bu mövzuda yanlış düşünə bilirlər. İİV gündəlik məişət təmaslarıyla, eyni otaqda olma, eyni məktəbdə oxuma, eyni havada nəfəs almaq kimi yollarla yoluxmaz. İIV sağlam dəridən keçməz. Bundan əlavə, İİV bu yollarla da keçməz: əl sıxma, dəriyə toxunma, qucaqlaşma, tüpürcək, göz yaşı, tər, asqırıq, öskürək, sidik, nəcis, duş, üzmə hovuzu, dəniz, sauna, hamam, ağcaqanad və digər böcəklərin sancması.

- İİV-infeksiyasına yoluxma diaqnozu necə qoyulur?

- İİV-infeksiyasının xüsusi simptomları olmadığından, İİV-ə yoluxmuş insanın uzun müddət İİV-ə yoluxduğu haqqda məlumatı olmur. İİV-in diaqnostikası yalnız laborator müayinələrin aparılması yolu ilə mümkündür. Müasir testlər (ekspress-test) İİV-ə müayinənin nəticələrini 15-20 dəqiqə ərzində əldə etmək imkanı yaradıb. Qeyd etmək lazımdır ki, İİV-ə müayinələr pulsuz və tam anonimdir.

- QİÇS-in ötürülməsinin qarşısını alan bir peyvənd varmı? Özümüzü necə qorumalıyıq?

- Bu günə kimi İİV-ə qarşı effektiv peyvəndlərin hazırılanması mümkün olmamışdır. Lakin, buna baxmayaraq dünyanın bir çox aparıcı univerisitetləri, dərman firmaları peyvəndin yaradılması istiqamətində öz işlərini davam etdirməkdədir.

- İİV/QİÇS epidemiyasına qarşı zəruri mübarizə tədbirləri hansılardır?

- Donor qanının təhlükəsizliyinin təminatı, tibb müəssisələrində universal təhlükəsizlik tədbirlərinin tətbiqi;

Hamilə qadınların İİV-lə müayinə ilə əhatə olunması

Anadan uşağa İİV-in ötürülməsinin profilaktikasının aparılması;

Risk qruplarının İİV-lə müayinəyə cəlb olunmasının genişləndirilməsi;

İİV-ə yoluxmuş insanlara İİV/QİÇS-lə bağlı diaqnostika, profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təminatı;

Ümumi əhali və riskli davranışlı qruplar arasında sanitar-maarifləndirmə işinin genişləndirilməsi.

- Bəs, yoluxmanın necə, qarşısını almaq olar?

- Narkotik maddələrdən istifadə edilməməli, istifadə edən şəxslər isə fərdi şpris və digər inyeksiya ləvazimatlarından istifadə etməlidirlər. Bundan başqa, təsadüfi cinsi əlaqə zamanı qoruyucu vasitələrdən, kosmetoloji prosedurlar (manikür, tatuaj, pirsinq və s.) zamanı steril avadanlıqlardan, yalnız şəxsi və təzə gigiyenik vasitələrdən istifadə etmək lazımdır.

Xəbər lenti
0