CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dayanacaqlar mitinq meydanını xatırladır, metro da ki, göz dağı

© Sputnik / Zulfiyya GuluyevaYollarda vəziyyət
Yollarda vəziyyət - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Abunə olmaq
Deputat: "İnsanlar iş yerlərinə getmək üçün hamı şəxsi minik avtomobilinə sahib deyil. O halda çox sayda vətəndaş doluşur tək ictimai nəqliyyat vasitəsi olan avtobuslara".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. SMS-icazə sistemi ləğv ediləndən sonra paytaxtda pik saatlarda ciddi avtobus çatışmazlığı problemi yaranıb. Sərnişinlər səhər və axşam avtobusa minmək üçün saatlarla dayanacaqda gözləməli olurlar. Yaranmış problemlə bağlı  vətəndaşlar sosial platformada da narazılıqlarını ifadə edirlər.

Sputnik Azərbaycan insanların işdən çıxdığı vaxtda metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqlarda müşahidə aparıb.

Saat 18:21 radələrində metronun “Elmlər Akademiyası” stansiyasının qarşısındakı dayanacaqda sərnişin sıxlığı vardı. Buradakı sərnişinlərin əksəriyyəti M2, M2 A avtobuslarının yolunu gözləyirdi. Sərnişinlər Sputnik Azərbaycan-a açıqlama verərək bildirdilər ki, 30 dəqiqədən çoxdur ki, dayanacaqda gözləsələr də, ekspress marşrut xətləri üzrə avtobuslar gəlmək bilmir. Sərnişin Gülnar Həsənova deyir ki, işdən 17:45-də çıxsa da hələ də M2 avtobusunu gözləyir:

“Mənim evim Həzi Aslanovdadır. Metro bağlanandan hər gün bu problemi yaşayıram. SMS-icazə ləğv olunandan demək olar ki, hər gün yarım saata qədər dayanacaqda avtobus gözləyirik. Dayanacaqda o qədər sərnişin olur ki, bəzən gələn avtobusa minmək mümkün olmur. Çarəsiz növbəti avtobusun gəlməsini gözləyirik”.

Valeh Quliyev adlı sərnişin isə M2 A avtobusunun gec işləməsindən narazıdır. Sərnişin bildirir ki, iş yeri metronun "Elmlər Akademiyası" stansiyasına yaxındır. Ona görə də hər gün “Neftçilər” metrosu yaxınlığından M2 A avtobusu ilə işə gəlib-getməyə məcburdur:

“Biz hər gün soyuqda dayanacaqda bəzən 30, bəzən 40 dəqiqə avtobus gözləyirik. İşdən çıxandan sonra yarım saat vaxtımız da dayanacaqda avtobus gözləməklə keçir. SMS-icazə ləğv olunandan sonra da vəziyyət lap dözülməz həddə çatıb. Avtobuslar yollarda tıxac səbəbindən gecikirlər. Metro bağlı olduğundan, bizim gözləməkdən başqa çıxış yolumuz qalmır. Metronun bağlı qalması barədə qərar verənlər bir gün camaatın işdən çıxan vaxtı gəlib dayanacaqda dayansınlar görək, avtobusa minə bilirlərmi? Bu qədər sərnişini avtobus daşıya bilməz. Bizim tələbimiz odur ki, metro açılsın”.

© Sputnik / Zulfiyya GuluyevaBakıda “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqda avtobus gözləyən sərnişinlər
Dayanacaqlar mitinq meydanını xatırladır, metro da ki, göz dağı - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Bakıda “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqda avtobus gözləyən sərnişinlər

Burada avtobus gözləyən digər sərnişinlər müntəzəm marşrut xətləri üzrə xidmət göstərən avtobusların da gecikdiyini söylədilər.

Metronun “Elmlər Akademiyası” stansiyası ilə əks istiqamətdə yerləşən dayanacaqda da anoloji vəziyyət müşahidə olunurdu. Sərnişin Solmaz Qurbanova deyir ki, 30 dəqiqədən çoxdur ki, 6 nömrəli avtobusu gözləsələr də avtobus gəlib çıxmır: “Biz axşam evə getmək üçün bəzən yarım saat, bəzən də 40 dəqiqə 6 nömrənin gəlməsini gözləyirik. Əvvəl metro işləyəndə Azadlıq prospektinə getmək üçün bu qədər vaxt itirmirdik. İndi qalmışıq avtobusun ümidinə. Avtobus isə gec-gec gəlir. Gələndə də avtobusa minmək üçün camaat bir-birinin üstünə çıxır. Metronu bağlayıblar ki, virusa yoluxma olmasın. Amma avtobuslarda camaatın hansı şəraitdə getdiyindən xəbərləri yoxdur”.

3 saylı avtobusu gözləyən sərnişinlər də eyni problemdən şikayətçidirlər. Onların sözlərinə görə, pik saatlarda avtobus gec-gec işləyir, onlar evə getmək üçün çox vaxt taksi xidmətindən istifadə etməli olurlar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, metrostansiyalar istiqamətlərində ekspres xətlər üzrə 100-ə yaxın ehtiyat avtobus cəlb edilib:

“Məqsəd hər gün 20-25% artan sərnişin tələbatını qarşılamaqdır. Son statistik məlumatlara əsasən gün ərzində 2,1/2,2 milyondan artıq sərnişin səfər sayı qeydə alınır. Lakin yollarda olan sıxlıq və tıxac halları birbaşa avtobusların hərəkətini də çətinləşdirir. Belə olan halda xətlərə əlavə avtobusların cəlb olunmasının bir mənası da qalmır. Mövcud vəziyyətdə avtobusların rahat və maneəsiz hərəkəti olduqca vacibdir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən bu məsələdə anlayışlı olmağı xahiş edirik. Tövsiyə edirik ki, mümkün qədər yollarda avtobusların hərəkətinə üstünlük versinlər, avtobus zolağının tələbinə və dayanma-durma və parklanma qaydalarına mütləq formada əməl etsinlər”.

© Sputnik / Zulfiyya GuluyevaBakıda “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqda avtobus gözləyən sərnişinlər
Dayanacaqlar mitinq meydanını xatırladır, metro da ki, göz dağı - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Bakıda “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqda avtobus gözləyən sərnişinlər

M.Ağayev deyir ki, bu gün 163 marşrut (153 müntəzəm və 10 ekspres) üzrə 2130 ədəd avtobus xətlərə çıxarılıb.

Ekspertlər də çıxış yolunu hazırkı vəziyyətdə metronu açmaqda görürlər. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə metronun bağlanması virusa yoluxmanı azaltmaq məqsədi daşısa da əks vəziyyət müşahidə olunur. Onun sözlərinə görə, xətlərə nə qədər əlavə avtobus cəlb olunsa da, metronun gündəlik daşıdığı sərnişin yükünü avtobuslar çəkə bilməz:

“Hər gün metro ilə bir milyona yaxın sərnişin daşınırdı. Əgər metro bağlı qalırsa, bu yük avtobusların üzərinə düşür. Bakıda gündəlik 2 milyon 200 min sərnişin avtobuslarla daşınırdı. Heç metro işləyən vaxtlarda avtobuslar bu yükün altından çıxa bilmirdi. Sözsüz ki, metro bağlı qaldıqda bu qədər sərnişini təkcə avtobuslar hesabına daşımaq mümkün olmayacaqdı. Düzdür, aidiyyəti qurumlar hesab edir ki, metronun fəaliyyətini məhdudlaşdırmaq daha yaxşıdır. Mən isə əksini düşünürəm. Bu gün avtobuslarda yaranmış sərnişin sıxlığı virusun yayılması üçün əlverişli şərait yaradır”.

E.Muradlı bildirir ki, metroda hər vaqon 3 avtobusun daşıdığı qədər sərnişin daşıyır: “Hər qatara beş vaqon qoşulur. 5 vaqon 15 avtobusa bərabərdir. Onu da nəzərə almaq lazımdır ki, metro işləyəndə yollarda bu qədər sıxlıq olmur. Yaranmış sıxlıq bu gün avtobusların gecikməsinə birbaşa təsir edən amildir”.

© Sputnik / Zulfiyya GuluyevaBakıda “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqda avtobus gözləyən sərnişinlər
Dayanacaqlar mitinq meydanını xatırladır, metro da ki, göz dağı - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Bakıda “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqda avtobus gözləyən sərnişinlər

Deputat Fazil Mustafa isə bildirir ki, son qərarla pandemiya dövründə qaydaları yumşaldaraq sms-icazə ləğv olunub, bəzi sahələrdə xidmətə icazə verilib. Millət vəkili belə halda metronun bağlı qalmasının düzgün olmadığı qənaətindədir:

“Metronu aylardır bağlı saxlayanlar, təsəvvür edin ki, metro bağlı qalır, ancaq iş yerləri açıqdır. Adamların hamısı iş yerlərinə getmək üçün şəxsi minik avtomobilinə sahib deyillər. O halda çox sayda vətəndaş doluşur tək ictimai nəqliyyat vasitəsi olan avtobuslara. Bakı Nəqliyyat Agentliyini də qınamalı deyil, bu avtobusların sayını nə qədər artırsa da yenə də tələbatı ödəmək mümkün deyil.

Yollarda çox avtobusun olması həm də tıxacın çox olması deməkdir. Çünki ayrıca avtobus yolu düşünülməyib. İndi guya ayrıca avtobus üçün zolaqlar ağardılsa da, bu da digər avtomobillərin sıxlığına rəvac vermiş olur. Avtobusun içindəki sıxlıqda, dayanacaqlarda saatlarla gözləməli olan vətəndaşların sıxlığında virusun yayılması üçün tam əlverişli şərait mövcud olur. Demək ki, bu şəraiti yüngülləşdirəcək tək alternativ vasitə metrodur, amma onun açılması məqsədəuyğun sayılmır”.

Xəbər lenti
0