BAKI, 16 fevral — Sputnik. Bu səhər Türkiyədə ağır yol qəzası baş verib. Sputnik Azərbaycan-ın Haberler.com-a istinadla yaydığı məlumata görə, Konya-Adana yolunun Karapınar rayonu ərazisində baş vermiş qəzada 5 nəfər ölüb, 38 nəfər yaralanıb.
Hadisə sübh tezdən Bakı vaxtı ilə 03:30-da baş verib. Yol buz bağladığı üçün yük maşını magistral yoldakı maneəyə çırpılaraq aşıb. Yük maşının sürücüsünə kömək etmək üçün dayanan avtomobilə isə sərnişin avtobusu çırpılıb. Nəticədə hər iki maşın yoldan aşağı yuvarlanıb.
Qəza nəticəsində avtomobildəki iki, avtobusdakı 3 sərnişin ölüb. Yaralılar Karapınar və Konya xəstəxanalarına çatdırılıb. Hazırda yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Ölənlərin hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.