Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 16 fevral — Sputnik. Paytaxtda sənədsiz evlərin sənədləşdiriləcəyinə dair məlumatlar yenidən gündəmə gəlib. Sosial platformada da yaxın zamanlarda sənədsiz evlərin sənədləşdirilməsinə başlanacağı bildirilir.
Sputnik Azərbaycan sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı prosesə nə vaxtdan başlanılacağı, ilk mərhələdə hansı evlərin sənədləşdiriləcəyini, prosesin ləngimə səbəblərini araşdırıb.
Qeyd edək ki, sənədsiz evlərin siyahıya alınması prosesi bələdiyyələr tərəfindən aparıldığından həmin evlərin sahiblərinin sənədləşdirmə ilə bağlı ən çox müraciət etdiyi ünvan da elə bələdiyyələrdir.
Binəqədi kənd sakini Esmira Nuriyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2019-cu ilin dekabr ayının əvvəlində Binəqədi qəsəbə bələdiyyəsindən bələdiyyə müfəttişləri sakinlərlə görüşərək onlardan bəzi məlumatlar toplayıb. Hətta qəsəbə sakinləri bununla bağlı məlumat forması (blank) da doldurublar: “Blankda biz yaşayış evinin və torpaq sahəsinin ünvanını, torpağın və evin kimə məxsus olmasını, tikintinin sahəsini, evin nə vaxt inşa olunduğunu, torpaq və evlə bağlı hansı sənədlərin olduğunu qeyd etmişik. O sənədi imzaladığımızdan bir ildən çox vaxt keçməsinə baxmayaraq, hələki evlərin nə vaxt sənədləşdiriləcəyi barədə bir söz deyən yoxdur”.
Bələdiyyədən bildirdilər ki, onlar sənədsiz evlərlə bağlı məlumatı sakinlərdən toplayaraq aidiyyəti qurumlara göndəriblər.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sənədsiz evlərlə bağlı prosesin yubanma səbəbi pandemiyadır. H.Hüseynov deyir ki, sənədsiz evlərlə bağlı Prezident Administrasiyasının rəhbəri sərəncam verib. Həmin sərəncamla reyestrdən keçməyən evlərin sənədləşdirilməsi ilə bağlı 26 sualdan ibarət sorğu blankı hazırlanıb. Sorğu blankları sakinlər tərəfindən cavablandırıldıqdan sonra yerli icra başçılarına təqdim edilib. Onun sözlərinə görə, yerli icra başçıları ekspert komissiyalarının sədrləridir. Onlar da bu sənədləri Bakı Şəhər İcra Hakimiyyətinə, BŞİH isə sənədləri Prezident Administrasiyasına təqdim edir. Həmsöhbətimiz bildirir ki, sənədsiz evlərlə bağlı ən son qərar Prezidentin olacaq. Prezidentin sərəncamından sonra qanunsuz evlərin sənədləşdirilməsinə başlanılacaq.
Onun sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi təkcə Bakını yox, bütün ölkəni əhatə edəcək.
Qeyd edək ki, Bakıda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı ölkə rəhbərinin tapşırığından 10 il keçir. 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib. 2015-ci il yanvarın 13-də isə sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalanıb.
Əmlak üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sənədsiz evlərin sənədləşdirilməsinin ləngiməsinin səbəbləri var: “Sənədsiz evlərin siyahıya alınması istiqamətində bir sıra işlər görülüb. Bakı və Abşeron ərazisində təxminən 200 minədək, respublikanın digər regionlarında 90 mindən artıq sənədsiz evlər inventarlaşdırılıb. Həmin evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya qəbul olunub, konsepsiya artıq bir sıra dövlət qurumları, hətta Prezident Administrasiyasında razılaşdırılıb. Ötən ilin aprel ayında sənədsiz evlərlə bağlı qərarın qəbul olunacağı gözlənilsə də, pandemiya səbəbindən, eləcə də Əmlak Məsələləri Dövlət Dövlət Xidmətinin strukturundakı dəyişiklik, əsasnamənin təsdiqinin ləngiməsi bu məsələyə təsir göstərdi. Məndə olan məlumata görə, hazırda bu məsələ aktuallaşmasa da, ilin ikinci yarısınadək məsələnin aktuallaşacağı, bu istiqamətdə işlərin sürətlənəcəyi gözlənilir”.
R.Osmanlı deyir ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyada nəzərdə tutulan bir əsas məqam da prosesin bir mərkəzdən idarə olunması, bu problemin bir prosesin tərkibində həllini tapmasıdır: “Konsepsiyada yer alan əsas məsələlərdən biri də odur ki, vətəndaş evini sənədləşdirmək üçün bir neçə qrumun qapısını döyməsin. Bunun üçün müxtəlif istiqamətlərə müraciət etməsin. Konsepsiyanın mahiyyəti məhz bundan ibarətdir”.
Ekspert deyir ki, inventarlaşdırılan tikililər üç qrupa bölünür: “Birinci qrupda qeyri-təyinatı üzrə ərazilərdə inşa olunmuş tikililərdir. Buraya kənd təsərrüfatı, digər qeyri-yaşayış təyinatlı sahələrdə inşa olunmuş, tikinti prosesində heç bir sənədi olmayan tikililər aiddir. İkinci mühafizə zolaqlarına düşən, magistral qaz, su, elektrik, dəmiryolu və sairin, eləcə də mədən ərazisinə düşən evlərdir. 3-cü təyinatı üzrə istifadə olunan torpaq sahələrində tikilən evlərdir. Sənədləşmə prosesi həyata keçirilmədiyi üçün onlar da qanunsuz tikili kateqoriyasına aiddir. Bu halda dövlətin yanaşması ondan ibarətdir ki, təyinat dəyişmə prosesi artıq həyata keçirilib. Yalnız mühafizə zolağına və mədən ərazisinə düşən tikililər istisna olmaqla, digər tikililərin sənədləşdirilməsində heç bir problem olmayacaq. Mədən ərazisinə və mühafizə zolaqlarına düşən tikililərlə bağlı da yanaşma artıq mövcuddur. Əgər magistral xəttin yerinin dəyişdirilməsi həmin magistral xəttin mühafizə zolağında yerləşən tikililərin sökülməsindən daha ucuz başa gəlirsə, bu halda dövlət həmin xəttin yerini dəyişdirir. Yox, əgər söküntü prosesi xəttin yerinin dəyişdirilməsindən ucuz başa gəlirsə, həmin varianta gedilir. Amma bu halda mütləq şəkildə söküləcək qanunsuz tikiliyə görə kompensasiya ödəniləcək. Çünki cənab prezident özü də çıxışlarında bildirib ki, qanunsuz tikili yoxdur, sənədsiz tikili var. Aydın məsələdir ki, həmin tikililər inşa olunarkən, orada olan icra orqanlarının bu və digər formada rolu və razılığı olub. Bu olmadan tikinti prosesini həyata keçirmək mümkün olmazdı. Elə əmlak amnistiyasının mahiyyəti də elə budur”.
R.Osmanlı bildirir ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı məsələ mərhələli şəkildə həyata keçiriləcək: “Daşınmaz Əmlakın Reyesteri haqqında qanunun 8-ci maddəsinə dəyişikliklərdə müəyyən məsələlərdən biri də, Şəhərsalma və Tikinti Məcəlləsinə görə, 2013-cü ilin yanvar ayının 1-dək inşa olunmuş və faktiki çıxarışı olan yaşayış məntəqəsi təyinatlı toraq sahəsi üzərində inşa olunmuş tikililərin sənədləşdirilməsi ilə bağlı heç bir problemin olmamasıdır. Vətəndaş bu sənədlə müvafiq quruma, yəni Daşınmaz Əmlak üzrə Dövlət Reyesteri Xidmətinə yaxınlaşıb sənədləşdirməni həyata keçirə bilər. Bu qərar çoxdan var”.
İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, prezident tərəfindən 13 yanvar 2015-ci il tarixində 439 nömrəli Fərmanın verilməsi fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyata alınması sahəsində mühüm mərhələ təşkil edir. Fərmana əsasən, əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edilib: "Belə ki, həmin sənədlər qanunvericilikdə öz əksini tapmadığından müvafiq evlərin sənədləşdirilməsi mümkün olmurdu. Fərmanın verilməsi bu problemə son qoymaqla yaşayış evləri üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına böyük təkan verib. Sonradan Fərmana bir neçə dəfə dəyişikliklər edilərək sənədlər siyahısı daha da təkmilləşdirilib. Fərman əsasında 2015-ci il yanvar ayından etibarən yüz mindən artıq ev sənədləşdirilmişdir. Hazırda vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş tikililərin, xüsusilə fərdi yaşayış evlərinin və onların yerləşdiyi torpaq sahələrinin sənədləşdirilməsi aktual məsələlərdəndir. Bununla bağlı İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri tərəfindən 27 iyun 2019-cu il tarixində Tədbirlər Planı təsdiq edilib. Müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin qeydiyyatını nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları formalaşdırılıb".
Nazirlikdən bildirilib ki, komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir. Hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir: "2020-ci ildə pandemiya (COVID – 19) səbəbindən inventarlaşdırma işləri müvəqqəti olaraq təxirə salınıb, 2021-ci ildən isə inventarlaşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulur. Yuxarıda da qeyd olunduğu kimi, müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması işlərinin 2021-ci ildə davam etdirilməsi planlaşdırılır. İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Təhlillər nəticəsində qanunvericilikdə dəyişiklərlə bağlı təkliflərin hazırlanacağı gözlənilir. Qeyd etmək lazımdır ki, sənədləşmə neft kontraktlarının əhatə etdiyi ərazilərə və infrastruktur sahələrinin mühafizə zolaqlarına (Xəzər dənizinin mühafizə zolaqları, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi torpaqlar, neft-qaz boru kəmərlərinin keçdiyi ərazilər və s.) düşməyən tikililərə aiddir".