Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 15 fevral — Sputnik. Pandemiya şəraitilə əlaqələndirilən qiymət artımı təhsil müəssisələrindən də yan keçməyib. Bir il ərzində illik ödənişində nə az-nə çox - 1000 manat artım edən özəl lisey də var, ödənişin həcmini sabit baha saxlayan da.
Orta ümumtəhsil müəssisələri ilə müqayisədə özəl liseylərə təhsilin keyfiyyətinə görə üstünlük verən valideynləri isə qiymət artımı narazı salıb. Sputnik Azərbaycan olaraq biz də özəl liseylərdəki qiymətləri araşdırdıq.
Ötən il Türk Dünyası Bakı Atatürk Liseyində 1-ci sinfə qəbul 2500 manat idisə, cari ildə bu rəqəm nə az-nə çox - min manat artaraq 3500 manat olub.
XXI Əsr Beynəlxalq İnnovasiyalar Məktəbində isə təhsil haqqı 8 ildir ki, olduğu kimi qalır. Azərbaycan, rus və ingilis dili bölmələrində təhsil haqqı müvafiq olaraq 8, 10, 12 min manatdır. Bu liseyin məktəbəqədər təhsil haqqı isə 8 mindir. Lakin karantinlə əlaqədar olaraq bu il bütün təhsil haqlarının 50 faizinin valideynlərə geri ödənildiyi bildirilir. Finlandiya təhsil modelini sərgiləyən bu liseydə təhsil haqları 1-11-ci siniflərdə standartdır.
"The International School of Azerbaijan"da (TİSA) 3 yaşlılar üçün illik qeydiyyat qiyməti 500 dollardır. Təhsil ilinin ikinci semestri üçün qiymət 10 min 980 dollardır. 3 yaşlılar üçün ilin ikinci semestrinə görə ödəniş ümumilikdə 11 min 480 dollar təşkil edir. 4-16 yaşlılar üçün təşkil olunan siniflər arasında qiymətlər ümumilikdə 16 min 480 ilə 25 min 190 dollar arasında dəyişilir. Burada təhsil 3 semestrdən ibarətdir və tədris ingilis dilindədir.
Təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək>>
"Dünya Məktəbi"ndə qiymətlər Azərbaycan bölməsinin 1-5-ci sinifləri üzrə 8, rus bölməsi üzrə 8 min, ingilis bölməsi üzrə 9 min 500 dollardır.
"Baku Oxford School"da təhsil haqqı dəyişilməyib - 1-11-ci siniflərdə sabit olaraq 15 min 500 manatdır. Bu özəl liseydə isə təhsil ingilis dilindədir və "Cambridge" beynəlxalq proqramı ilə tədris olunur.
"British School in Baku"da ibtidai siniflərdə azərbaycanlı müəllim ilə tədrisin qiyməti 12 min, ingilis dilli müəllim ilə tədrisin qiyməti isə 14 min manatdır. Yuxarı siniflərdə isə qiymət sabit, 14 min manat olaraq qalır. Qeyd edək ki, ötən illə müqayisədə qiymət eyni olaraq qalıb.
Göründüyü kimi, Azərbaycanda daha çox arzulanan özəl liseylərdə qiymətlər 3500 manatla 25 min dollar arasında dəyişilir.
Qiymətlərin bu qədər yüksək olması və keyfiyyətli təhsil qiymətlərinin əlçatan olmaması isə valideynləri narahat edir. Onlar təhsilin hər kəs üçün daha əlçatan olmasının tərəfdarıdırlar. Artıq qiymət artımı ilə əlaqədar valideynlər arasında lisey seçimində fikrindən daşınanlar da var.
Valideynlər Sevinc Nəsibova və Nüşabə Xudakərimova deyirlər ki, bu il övladlarını Türk Dünyası Bakı Atatürk liseyinə qoymaq istəyirmişlər, lakin qiymətlər artdığından bu fikirdən daşınıblar. Mikayıl Əliyev isə deyir ki, övladı liseyə qəbul üçün imtahan versə də, qiymətlərin artımı ilə əlaqədar olaraq hələlik qəti bir fikrə gələ bilməyib.
Valideyn İranə Allahverdiyeva isə deyir ki, 1-ci sinif üçün liseyə hazırlıq aylıq olaraq 300 manatdır: "Bunun harasında insaf var? Hər bir valideyn istəyir ki, övladı yaxşı təhsil alsın. Amma bundan istifadə edib qiymətləri bu qədər qaldırmaq düzgün deyil, ailələri də düşünmək lazımdır. Elə uşaqlar var ki, savadlıdırlar, lakin imkanı olmadığından valideyn onu adi məktəbə qoyur. Adi məktəblərdə dərs keçsələr, onda, təbii ki, problem olmaz. Amma təəssüf ki, hər məktəb, hər müəllim bunu etmir, dərsi lazımınca keçmir. İstəyim odur ki, liseylərə hazırlıq qiymətləri də nəzərdən keçirilsin və valideynlərin istəkləri nəzərə alınsın".
Lakin bəlli təbəqə üçün 15-20, 50 min manat illik təhsil haqqı ödəmək elə də çətin deyil. Həmin şəxslər seçimlərində heç bir dəyişiklik etmirlər.
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında süni qiymət artımlarının səbəblərindən danışıb:
"Təhsilin qiyməti ilə bağlı bəlli kriteriyalar, ümumiləşdirilmiş yanaşmalar yoxdur. Ona görə də elə təhsil haqları arasında da ciddi fərqlər var. Kriteriyalara görə bəlli qiymətlər olmalıdır və bunun hesablanması qaydaları olmalıdır ki, Azərbaycanda da bu yoxdur. Xaricdə müxtəlif kateqoriyalar dedikdə həmin təhsil müəssisəsinin nüfuzu, gələcəkdə nə dərəcədə ixtisaslı kadr yetişdirə biləcəyi, eyni zamanda da servisinin olub-olmaması və digər nüanslar başa düşülür. Bu liseylərin qiyməti ilə bağlı hər hansı irad və tənqid olduqda isə bu liseylərin rəhbərləri deyirlər ki, siz bizi seçmisiniz. Qeyd edim ki, ümumilikdə dövlətin özünün bir təhsil siyasəti olmalıdır".
"Xaricdə pandemiya ilə əlaqədar olaraq təhsil müəssisələrinin binalarının bağlı olması və kommunal xərclərin olmaması nəzərə alınaraq qiymətlərdə müəyyən qədər endirim oldu, biz isə bunu görmədik. Biz, əksinə, bəzi qiymət artımlarını da gördük. Bunun da səbəbi bu sahədə tənzimlənmələrin olmaması ilə bağlıdır. Ümumi kriteriyaların müəyyənləşməsi isə bu kimi problemlərin qarşısını ala bilər", - deyə ekspert əlavə edib.