Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 14 fevral — Sputnik. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə alıcıya əvvəlcədən məlumat verilməlidir.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, dünyada ekologiya ilə bağlı polietilen torbalardan imtina edilir:
"Qonşu ölkələrdə bəzi hallarda polietilen torbalar qadağan edilib, bəzi hallarda isə pul ilə satılır. Polietilen torbaları pul ilə satmaqda məqsəd qazanc əldə etmək deyil. Pulla satılan zaman bu torbalara tələbatın azalacağına ümid edilir. Burada zamana ehtiyac var ki, insanların davranış qaydası dəyişsin".
O bildirib ki, bu istiqamətdə təşviq addımları atılmalı, maarifləndirmə işləri aparılmalıdır:
"Yavaş-yavaş insanları parça torbalardan istifadəyə öyrəşdirmək lazımdır. Və yaxud insanlar özləri ilə parça torbalar gəzdirməlidir. Polietilen torbalara alternativ üçün mağazalar öz xərclərini artırmaq istəmirlər. Polietilen torbalar ən ucuz başa gəlir. Onun əvəzinə parçadan və ya çox istifadə edilən materiallardan hazırlanmış torbaları pulsuz alıcılara təqdim etsələr, mağazaların xərci artacaq. Düşünmürəm ki, yaxın gələcəkdə mağazalar öz dövriyyələrinə ziyan vuracaq addım atsınlar. Lakin Avropa ölkələrində müxtəlif aksiyalar həyata keçirilir. Məsələn, bir müddət iri marketlərin qarşısında pulsuz parça torpalar paylanılır. Bizdə də belə aksiyaların təşkilinə ehtiyac var".
"Yəqin polietilen torbalar 5-10 qəpik civarında olacaq. Təkcə pullu satış ilə iş bitməməlidir, eyni zamanda təşviq addımları atılmalıdır. İnsanların buna münasibəti dəyişməlidir", - deyə iqtisadçı qeyd edib.
"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov 20 ilə yaxındır ki, polietilen torbalar ilə mübarizə apardıqlarını söyləyib. O, Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə ən azı MDB təcrübəsinin tətbiq edilməsini dəfələrlə təklif etmişik: "MDB təcrübəsində şəffaf polietilen torbalar pulla satılır. Bizdə ətraf mühit sürətlə çirkləndirilir. Hazırda şəhərin mərkəzində olan mağazalarda belə rənglənmiş qalın torbalardan istifadə olunur. Ona görə hökumət alternativ təklif etməlidir. İndiyədək kağız torba istehsalı, kağız qablaşdırma materialları olmalı idi. Təəssüf ki, bunlar yoxdur. Düşünürəm ki, biznes qurumlar sürətlə kağız qablaşdırmaya keçməlidirlər. Nə qədər ki, alternativ yoxdur, bu işlər yerinə yetirilməyəcək".
"Biz buna dəstək üçün layihə həyata keçirdik, 500-ə qədər bazar torbasını əhaliyə payladıq. Alternativlər olmalıdır. Ən yaxşı alternativ zənbillər ola bilər", - deyə o əlavə edib.