BAKI, 14 fevral - Sputnik. Ermənistanda yoxsulluğun səviyyəsi 2020-ci ildə 30 faizə çatıb. Əhalinin alıcılıq qabiliyyəti 5-6 dəfə azalıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yerli mətbuat Ermənistanın əmək və sosial məsələlər üzrə nazirinin sabiq müavini Tadevos Avetisyana istinadla məlumat yayıb.
T.Avetisyan bildirib ki, baş nazir Nikol Paşinyan 2020-ci ili ölkənin “çiçəklənmə” ili adlandırmaqla xalqı aldadır və alçaldır.
Onun sözlərinə görə, ölkə əhalisinin sosial vəziyyəti ilbəil ağırlaşır. 2018-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 23,5 faiz, 2019-cu ildə 26,5 faiz olduğu halda, ötən il 29,8 faiz olub. Cari ildə isə bu rəqəm daha da böyüyəcək”.
Sabiq məmur Ermənistanın xarici dövlət borcunun da əsaslı dərəcədə artdığını bildirib. Onun sözlərinə görə, Ermənistanın dövlət borcu 10 milyard ABŞ dollarına çatıb və ölkə artıq humanitar fəlakətlə üz-üzədir.