Estoniya və Latviya Rusiyanın Leninqrad vilayətində quraşdırılan 5G qüllələrinə “müharibə” elan ediblər. Rusiya mobil operatorları tərəfindən 4,8 – 4,99 GHz tezliyində yeni nəsil mobil rabitənin sınaqdan keçirilməsi iki Baltik dövlətinin narazılığına səbəb olub.
Məlumdur ki, Latviya və Estoniyanın üzvü olduqları NATO-nun hərbi aviasiya sistemləri də həmin diapazondan istifadə edir. Guya Rusiya 5G qüllələri alyansın hava donanmasının fəaliyyətinə ciddi maneə yaradır. NATO-nun üzvü olmayan, ancaq hərbi sistemlərini onun standartları ilə uyğunlaşdıran Finlandiya eyni iddiaları dəstəkləyir. İndi isə Rusiyadan həmin tezliklərin istifadəsindən imtina etmək tələb olunur.