BAKI, 12 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) baş verən qanun pozuntuları ilə əlaqədar başlanan cinayət işinin istintaqı davam edir. Sputnik Azərbaycan Baş Prokrorluğa istinadən xəbər verir ki, bu barədə prokrorluğun "Instagram"səhifəsinin sorğu-saul hissəsində suallar cavablandırılarkən qeyd olunub.
Bildirilib ki, hazırda həmin cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq İdarəsində davam etdirilir: "İş üzrə Baş Prokurorluq tərəfindən dəfələrlə rəsmi məlumat verilib, nəticəsi barədə də ətraflı məlumat veriləcək".
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.