BAKI, 11 fevral — Sputnik. "Türkiyə Silahlı Qüvvələri (TSQ) dünyanın ən güclü ölkələrindədir. Qardaş ölkə ilə güclü iş birliyimiz mövcuddur. TSQ-nın təcrübələrindən faydalanmaq bizim üçün önəmlidir.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qarsda keçirilən "Qış təlimi-2021" təlimlərində çıxışı zamanı bildirib.
"Azərbaycan və Türkiyə arasındakı tarix, din və mədəniyyət iki ölkə arasında köklü bağları təşkil edir. Liderimiz Heydər Əliyev tərəfindən "tək millət iki dövlət" olaraq ifadə edilən Türkiyə - Azərbaycan münasibətləri, bu gün də prezidentlərimizin rəhbərliyi altında ümidlə davam etdirilməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin və qardaşlığımızın davam etməsində prezidentlərimizin qatqısı böyükdür", nazir deyib.
"Müharibə dövründə Türkiyə siyasətini nümayiş etdirdi və bizim yanımızda idi. Siyasi, mənəvi və diplomatik dəstəklərlə yanımızda oldu. Türkiyə bu duruşu ilə dünyaya bu mesajı verdi: Türkiyə Azərbaycanın yanındadır. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir. Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək işğal altındakı torpaqlarımızı işğaldan azad etdik. Azərbaycan xalqı bunu çox qiymətləndirdi. Türkiyənin bizə verdiyi böyük dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm", - deyə Zakir Həsənov qeyd edib.
Zakir Həsənov Qarabağ müharibəsində Türkiyə-Azərbaycan münasibətlərinin daha da yaxşı şəkildə möhkəmləndiyini bildirib: "Azərbaycan və Türkiyə əsgərləri Azadlıq meydanında Zəfər paradında oldular. Bu tarixi gündə Azərbaycan xalqı da Türkiyə və Azərbaycan bayraqları ilə öz dəstəyini nümayiş etdirdi. Qış təlimlərimizin də uğurlu, xeyirli keçməsinə ümid edir və hamınızı təbrik edirəm. Əminəm ki, qardaşlığımız, birliyimiz, münasibətlərimiz belə davam edəcək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!".