BAKI, 11 fevral — Sputnik. ABŞ Dövlət Departamenti yaxın günlərdə dövlət katibi Entoni Blinkenin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcəyi barədə məlumat yayıb. Sputnik Azərbaycan-ın "CNNTurk"-ə istinadla yaydığı xəbər görə, məlumatda S-400 Zenit Raket Kompleksi (ZRK) ilə bağlı ABŞ-ın mövqeyinin dəyişmədiyi də vurğulanır.
ABŞ XİN-in mətbuat katibi Ned Prays keçirdiyi mətbuat konfransında Türkiyə-Amerika qarşılıqlı münasibətlərini dəyərləndirib.
Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hülusi Akar bu yaxınlarda S-300 müdafiə sisteminin üç NATO ölkəsində mövcud olduğunu açıqlayaraq S-400-dən qismən istifadə etməyi təklif etmişdi.
Ned Prays isə məsələyə münasibət bildirərək qeyd edib ki, S-400 məsələsində ABŞ-ın mövqeyi dəyişməyib.
"Rusiya S-400-ləri NATO təchizatına uyğun deyil. NATO texnologiyalarının təhlükəsizliyini təhdid edir və Türkiyə bu sistemləri əldə etməklə alyansa zidd hərəkət edib", – Prays bildirib.
Mətbuat katibi ABŞ-la Türkiyənin ortaq maraqlarına diqqət çəkərək deyib:
"Ümumi prioritetlərimiz mövzusunda əməkdaşlıq axtarışındayıq və bütün müttəfiqlərimiz kimi Türkiyə ilə də fikir ayrılıqları ilə bağlı dialoq qurmağa çalışırıq".
Qeyd edək ki, keçən ilin dekabr ayında ABŞ Rusiyadan S-400 ZRK-ları aldığına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın NATO üzvü olan Türkiyəyə qarşı bu addımını sərt sözlərlə tənqid etmişdi.