CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölümü sürətiylə qabaqlayan kişi: "Uşaqların iniltisi hələ də qulağımdan getmir" - FOTO

© Sputnik / Rahim MammadovXəyal Məmmədov
Xəyal Məmmədov - Sputnik Azərbaycan, 1920, 09.02.2021
Abunə olmaq
On il Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında sürücü kimi çalışan Xəyal Məmmədov Aprel döyüşlərində sürəti hesabına əsgəri də ölümdən qurtarıb

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Müharibə şəraitində peşəkar sürücülərə ehtiyac daha çox olur. Şiddətli döyüşlər gedən zaman, məlumdur ki, avtomobil idarə etmək o qədər də asan olmur. Sükan arxasında əyləşən şəxs möhkəm iradəli, ən əsası - idarə etdiyi avtomobilin, yumşaq formada desək, dilini bilməli, onu keçilməz yollarda belə, hərəkət etdirməlidir. 44 günlük Vətən müharibəsində təcili yardım briqadalarının rolu danılmaz oldu. Həkimlər, tibb bacıları yaralılara yardım edib, onların həyatda qalmasına çalışdılar. Bu zaman təcili tibbi yardım maşınlarını idarə edən sürücülərin üzərinə də böyük yük düşürdü - döyüş gedən ərazidən yaralı hərbçiləri və mülki şəxsləri tez çıxarmaq və təhlükəsiz yollarla xəstəxanaya yetişmək. Saniyə, dəqiqə fərqi həmin yaralının həyatda qalması üçün böyük rol oynayırdı. Müharibə başlayan gündən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Xidmətinin əməkdaşı, sürücü Xəyal Məmmədov həkimlərlə birgə Tərtər rayonunda xidmət edib. Ən ağır döyüşlərin getdiyi günlərdə peşəkar sürücü olaraq yaralıları təhlükəsiz məkana daşıyıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində 34 yaşlı Mingəçevir sakini müharibə vaxtı ən çətin anın Tərtər rayonunun ərazisində baş verdiyini deyib:

© Sputnik / Rahim MammadovXəyal Məmmədov
Ölümü sürətiylə qabaqlayan kişi: Uşaqların iniltisi hələ də qulağımdan getmir - FOTO - Sputnik Azərbaycan, 1920, 09.02.2021
Xəyal Məmmədov

“Proseslərin içində olmaq, həmin həyəcanı yaşamaq, bir yaralının həyatını qurtarmaq üçün tibb müəssisəsinə vaxtında çatdırmaq qürurverici xatirələrdir. Bəzən hərəkətdə olarkən insan hər şeyi unudur, hətta onu gözləyən potensial təhlükəni belə. Düşünürsən ki, təki əsgərim yaşasın, ölməsin, xəstəxanaya, hospitala tez çatdırım. Yüksək sürətin yollarda təhlükə yaratmasıyla yanaşı, həm də düşmənin hədəf aldığı bölgədə hərəkətdə olmaq həkim briqadasının həyatını da risk altına alırdı. Elə ən çətin vəziyyətə düşdüyüm anlar da Tərtər rayonu ərazisində olub. Yaralı götürüb ərazidən çıxarkən mərmi düz hərəkət etdiyimiz yolun yaxınlığına düşdü. Toz-duman qalxdı, zərbə maşını silkələdi. Bu zaman cəld tərpənib ambulansın aşmağına imkan vermədim. Təhlükəli ərazidən sağ çıxa bildik".

© Sputnik / Rahim MammadovXəyal Məmmədov
Ölümü sürətiylə qabaqlayan kişi: Uşaqların iniltisi hələ də qulağımdan getmir - FOTO - Sputnik Azərbaycan, 1920, 09.02.2021
Xəyal Məmmədov

Xəyal Məmmədov atasının yolu ilə gedərək sürücülük peşəsinə yiyələnib. Yaxınları müharibə zamanı iki uşaq atası olan Xəyaldan nigaran qalsalar da o, yalnız daşıdığı yaralını düşünüb, onun həyatının xilası üçün sürəti artırıb. İdarə etdiyi avtomobildə şəhid aparan zaman isə ən ağrılı anlar yaşayıb: “Hər şəhidi gətirəndə elə bilirdim, ən əziz adamımı itirmişəm. Xüsusilə də həmin şəhidləri müəyyən proseslərdən sonra doğmalarının ünvanına çatdırdığım an keçirdiyim hissləri ifadə etməyə çətinlik çəkirəm. Söz tapıb deyə bilmirəm. Etiraf edim ki, biz heç zaman, nə etsək də, o qəhrəmanların borcundan çıxa bilmərik.

© Sputnik / Rahim MammadovXəyal Məmmədov
Ölümü sürətiylə qabaqlayan kişi: Uşaqların iniltisi hələ də qulağımdan getmir - FOTO - Sputnik Azərbaycan, 1920, 09.02.2021
Xəyal Məmmədov

Ermənilər Bərdəyə raket atan zaman Tərtərdən çıxıb həmin şəhərə gəldim. Yaralıları Mingəçevir və Yevlax xəstəxanalarına çatdırmalıydıq. Uşaqların, yaşlıların ağrıya dözə bilməməsi, iniltisi hələ də qulağımdan getmir".

Xəyal Məmmədov 2016-cı ilin Aprel döyüşlərində peşəkar sürücü kimi yaralıların daşınmasında fəal iştirak edib. Hətta ağır vəziyyətdə olan əsgəri tez bir zamanda xəstəxanaya çatdırmaqla həyatını da xilas edib: “Aprel döyüşlərində həyəcan daha çox idi, bəlkə də ilk dəfə idi ki, müharibə görürdüm, ona görə elə idi. Briqadamızda olan həkim dedi ki, yaralı əsgəri 10 dəqiqəyə xəstəxanaya çatdırsaq, yaşayacaq. Çətin bir yerdəydik, həm düşmən hədəfə alırdı bizi, həm də yolsuzluq idi. O vaxt yalnız həmin yaralını həkim dediyi vaxtdan daha tez, 8 dəqiqəyə xəstəxanaya yetişdirdik. Əsgər əməliyyat edildi, çox şükür ki, həyatda qaldı. Onun sağ qalmasına hər kəsdən çox, bəlkə də mən sevindim”.

Xəbər lenti
0