Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 8 fevral — Sputnik. Bu gün Azərbaycanda maqnitudası 3 baldan yüksək olan 3 yeraltı təkan qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, hələlik bu saata olan məlumata görə, ümumilikdə ölkə üzrə 30-dan çox yeraltı təkan qeydə alınıb:
"Elə gün olur ki, 50-dən çox yeraltı təkan qeydə alınır. Bu səbəbdən bu gün hələlik 30-dan çox yeraltı təkanın qeydə alınması elə böyük rəqəm deyil. Sadəcə olaraq biz maqnitudası 3 baldan yüksək olan zəlzələlər haqda məlumatı yerləşdiririk".
Q.Yetirmişlinin sözlərinə görə, ən çox yeraltı təkanlar Şamaxı ərazisində qeydə alınıb.
Qeyd edək ki, bu gün Qobustan stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu ərazisində, Qobustan stansiyasından 31 km cənub-qərbdə Hacıqabul rayonu ərazisində, Əli-Bayramlı stansiyasında 3 baldan yüksək yeraltı təkan qeydə alınıb.