BAKI, 4 fevral — Sputnik. "Yeni dərs cədvəllərinin nümunəsi hazırlanaraq yerlərə göndərilib. V-IX siniflərdə həftə üzrə ortalama 32-25 saat dərs olur".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O qeyd edib ki, əgər şagirdlər 3 dəfə dərsə getsələr, bu, hər yarımqrup üzrə 15 saat əyani dərs deməkdir: "Yerdə qalan dərs saatları isə distant təhsil formasında olacaq".
V.Yaqublu qeyd edib ki, xüsusi karantin rejimi qüvvədə olduğu müddətdə valideyn əyani dərsdən imtina ilə bağlı iltizam forması yazmalıdır: "Çox spesifik hallar olur ki, bütün sinif iltizam forması imzalayır, belə halda məktəb səviyyəsində həmin müəllimin bütün dərsləri virtual keçməsi barədə qərar verilə bilər. Bu məsələ müəllimlə, valideynlə müzakirə olunaraq, hər bir tərəfin razılığı ilə qərar veriləcək".