Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 2 fevral — Sputnik. "Kino cəmiyyətin güzgüsüdür" deyirlər. Tarixdir, daima yaşayan bir əfsanədir, bir ölkənin əsas təbliğatçısıdır kino. Azərbaycan milli kinosu ötən əsrin 60-70-ci illərində özünün intibah dövrünü yaşayıb. Sonradan məlum səbəblərdən kino sənayesi tənəzzülə uğrayıb. Bəs görəsən, Azərbaycan kinosunu yenidən dirçəltmək üçün hansı addımlar atılmalıdır? Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənovla söhbətləşdik. R.Həsənov Azərbaycan kinematoqrafiyasının inkişafı üçün atılacaq addımları Sputnik Azərbaycan-a danışıb:
"Sovet dönəmində planlı iqtisadiyyat modeli çərçivəsində kino sənayesi də eyni qaydada fəaliyyət göstərirdi. Bu modelə əsasən məsul qurumdan gələn rəsmi sifariş sayına uyğun olaraq film istehsal olunurdu. Bugünkü reallıqlar tam başqadır – biz müstəqil Azərbaycanda yaşayırıq, bazar iqtisadiyyatı modeli planlı iqtisadiyyatı əvəz edib, lakin, əfsuslar olsun ki, kino sənayesində hələ də bu yeni model tətbiq olunmayıb".
Müsahibimizin sözlərinə görə, problemləri həll etmək üçün ilk növbədə sənayenin liberallaşmasını təmin etmək lazımdır: "Qanunvericiliyin təkmilləşdirilməsi, insan kapitalının artırılması və infrastrukturun yenidənqurulması prioritetimizdir. Yeni, çevik və dayanıqlı struktur layihəsi üzərində çalışırıq. Mədəniyyət Nazirliyi Kinematoqrafiya Şöbəsi olaraq bu sahədə fəaliyyət göstərən ictimai birliklərlə, dövlət və özəl istehsalçı şirkətlərin nümayəndələri ilə artıq bir neçə dəfə konstruktiv videomüzakirə keçirmişik."
Mövcud olan çətinliklərin kökündə müasir tələblərə cavab verən sənaye modelinin olmaması dayanır.
"Xarici ölkələrin əksəriyyətində kino özəl sektorun bu sahədə fəal iştirakı sayəsində inkişaf edib. Təəssüf ki, bizdə dövlət sifarişi və dövlət dəstəyi ilə çəkilən filmlər hələ də özəl film istehsalçılarına deyil, dövlət studiyalarına həvalə olunur. Halbuki özəl sektorumuzun potensialı danılmazdır: son 5-7 il ərzində beynəlxalq festivallarda iştirak edən filmlərin əksəriyyəti özəl sektorun istehsalıdır", – deyə R.Həsənov əlavə etdi.
"1998-ci ildə qəbul olunan Kinematoqrafiya haqqında qanunda və digər normativ aktlarda da müəyyən boşluqlar var və onların müasir tələblərə uyğun təkmilləşdirilməsi də zəruridir. Bu boşluqlar bizim "Eurimages"-ə üzvlüyümüzə də, regional və dünya bazarına çıxışımıza da təsir göstərir".
Rüfət Həsənov hesab edir ki, ən vacib məsələlərdən biri də Kino Agentliyinin (Milli Kino Mərkəzinin) yaradılmasıdır: "Qeyd etdiyim boşluqların qarşısını almaq üçün ən uyğun həll yolu Kino Agentliyinin (yeni publik hüquqi şəxsin) yaradılmasıdır. Həmin qurumun fəaliyyətində inzibati idarəçilikdən xidmət modelinə keçid, onun daha çox ictimai əhəmiyyətli və kinematoqrafiyaya aid olan məsələlərin praktik müstəvidə operativ həllinə yönəlik funksiyalarının genişlənməsini təmin etməsidir.
Kinematoqrafiya şöbəsinin müdirinin sözlərinə görə, Vətən müharibəsində tarixi zəfər qazanılması Azərbaycan kinematoqrafiyasına da birbaşa təsir edəcək: "Əminəm ki, çoxlu sayda bədii, sənədli və animasiya filmləri çəkiləcək. Təbii ki, bu mövzu hər birimiz üçün müqəddəsdir və bununla bağlı xüsusi planlarımız var. İddialı layihələr planlaşdırmaqdayıq və vaxtı gələndə bu barədə ətraflı məlumat veriləcək. Yaxın zamanlarda elan olunacaq "Böyük qayıdış" adlı film layihələri müsabiqəsi də ilk növbədə Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründəki parlaq qələbəsi ilə əlaqələndirilir.
Rejissor Rüfət Həsənov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin olunanda rejissorun həmkarları sosial şəbəkələrdə məyusla "Biz bir rejissorumuzu itirdik" deyə fikirlər bildirirdilər. Rüfət Həsənov bu fikrə münasibətini bildirdi: "Pafoslu səslənsə də, mən öz missiyamı onda görürəm ki, kinematoqrafiyamızda mövcud olan problemlərin həllini tapmağa köməklik göstərim, şəffaf və dayanaqlı kino sənayesi və həmrəy kreativ mühiti yaratmağa yardımçı ola bilim. Bunlar təmin olunsa, mən də bir rejissor kimi çox rahat şəkildə fəaliyyətimi davam edəcəyəm".