Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 2 fevral — Sputnik. Bu gün Azərbaycanda Gənclər Günüdür. Bəs görəsən, müasir Azərbaycan gəncləri bugünkü gəncliyin durumunu necə qiymətləndirir? Sputnik Azərbaycan ölkə gənclərinin əsas problemlərini elə onların öz dilindən eşitmək məqsədilə gənclər arasında sorğu keçirib.
Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi, 20 yaşlı Lalə İsmayılova bildirib ki, o, coğrafiya ixtisası üzrə təhsil alır. Bununla belə, təhsili başa vurduqdan sonra gələcəyini, karyerasını ürəyi istədiyi kimi qurmasına şərait yoxdur:
"Hesab edirəm ki, bu gün gənclərin ən böyük problemi gələcəyini qurmaq üçün lazımi şəraitin olmamasıdır".
Eyni qrupda təhsil alan digər tələbə Firidə Nəcəfova isə gənclərin əsas probleminin bugünkü təhsil sistemi olduğunu düşünür:
"Mənim fikrimcə, müasir gəncliyin əsas problemi təhsilimizin durumudur. Dərs oxumaq əslində insanı bu qədər stressə salmamalıdır".
21 yaşlı Səma Məmmədova isə gənclərin əsas probleminin yuxusuzluq olduğunu düşünür.
Texniki Universitetin 4-cü kurs tələbəsi Nəbi Pənahov bildirir ki, gənclərin əsas problemləri işsizliklə bağlı olsa da, onu narahat edən əsas məsələ gənclərin müasirlik adı altında xalqımıza yad davranışları, geyim tərzidir:
"Çox təəssüf ki, bəzən gənclərimiz gəncliyi səhv başa düşürlər. Elə hesab edirlər ki, gəncdirlərsə, müasirlik adı altında hər şeyi etmək olar. Bugünkü gəncliyin əsas problemlərindən biri də budur".
23 yaşlı Turqut Abdullayev isə düşünür ki, gəncliyin heç bir problemi yoxdur.
Texniki Universitetin tələbəsi, 23 yaşlı Hikmət Rüstəmov gənclərin əsas probleminin onlayn dərslər olduğu fikrindədir.
26 yaşlı Seymur Haqverdiyevin fikrincə, bugünkü gəncliyin ən böyük problemi işsizlikdir:
"Mən ordudan yeni qayıtmışam. Kollecin yol hərəkəti ixtisasını bitirmişəm. Amma özümə iş tapa bilmirəm. Ordudan qalib kimi qayıtdım, yenə də iş tapa bilmirəm".
Gənc fəal Nərmin Şamilbəyli gəncləri ən çox narahat edən məqamın təhsil sistemində olan problem olduğu qənaətindədir:
"İlk növbədə, təhsilimiz çox zəifdir. İkinci problem işsizliklə bağlıdır. Gənclərin işə qəbulu zamanı onlardan çox şey tələb olunur. İşə qəbul şərtləri çox ağırdır. Gənclər məcbur olurlar ki, bir müddət könüllü kimi, yaxud da çox aşağı maaşa işləsinlər. Gənclər idarəetmədə hələ də yoxdurlar. Yəni formal olaraq, təyinatla idarəetmədə çalışırlar".
Yazar Emin Piri deyir ki, gəncləri narahat edən məsələlər şəxsə görə dəyişir:
"Sıralamaq istəsəm, ən birinci halda maddi problemləri qeyd edərdim. İstədiyi əməkhaqqını ala bilməyən və ya işlə məşğul ola bilməyən gənclik sonda istədiyi rihafı tapmadığından gənclik azadlığını da yaşaya bilmir. Maddi azadlığın olmaması onların mental dəyərlər adı altında basqıya uğramasına səbəb olur. Xüsusən, gənc ailələrin dolanışıq, evsizlik problemi ailədə əlavə söz-söhbətlərə başqalarının onların həyatına qarışmasına səbəb olur ki, bu da gənc ailənin hüzurunu pozur. Maddi azadlıq olmadığından sonradan bu mənəvi azadlığın da pozulmasına səbəb olur".
Gənclər təşkilatının sədri, Səbuhi Abbasov isə Sputnik Azərbaycan-a bildirib ki, Gənclər Günü təkcə adi təqvim deyil, fəal gənclərin əməyinin dəyərləndirilməsi üçün unikal fürsətdir, fəaliyyətləri üçün stimuldur: "Gənclərin ən böyük problemi işsizlikdir. Bu problem, xüsusən də regionlarda daha çoxdur. Region gəncləri ali təhsil alır, regiona qayıdır, amma ixtisasına uyğun iş tapa bilmir. Hesab edirəm, gənclər üçün effektiv əmək şəraiti yaradılmalı, xüsusi proqram qəbul edilməlidir".
S.Abbasov deyir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən proqramlar gənclər siyasətini daha praqmatik və müasir dünya standartlarına çatdırdı: "Təəssüflə qeyd edək ki, 2013-cü ildən gənclər təşkilatlarının ən böyük problemi beynəlxalq platformalarda effektiv təmsilçilik məsələsidir. Düzdür, Yusuf Məmmədəliyevin gənclər şöbəsinə rəhbər təyin edilməsi və Gənclər Fondunda həyata keçirilən əsaslı dəyişikliklər bu sahədə ciddi dönüş yaratdı. Ancaq gənclər təşkilatlarının beynəlxalq qrantlara əlçatanlığının təmin edilməsi vacibdir və olmalıdır. Vətən müharibəsi zamanı da biz bu çatışmazlığı hiss etdik. Ümid edirəm, yaxın gələcəkdə xarici donorlarla iş sahəsində tətbiq olunan maneələr aradan qalxacaq".
Qeyd edək ki, 1997-ci ildən 2 fevral tarixi ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Azərbaycanda yaşı 14-dən 29-a kimi olan əhali kateqoriyası gənc sayılır.