BAKI, 30 yanvar - Sputnik. Smartfonun yığdığı enerjini uzun müddət saxlaması üçün ekranın parlaqlığını azaltmaq və Wi-Fi rejiminə keçmək lazımdır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "Прайм" agentliyinə "Rəqəmsal vətəndaş" platformasının ekperti Vladimir Qritsenko danışıb.
Mütəxəssis deyir ki, ilk növbədə zəngləri mobil şəbəkədən deyil, Wi-Fi ilə qəbul etmək lazımdır. Buna görə smartfonda: Android-də "Zənglər Wi-Fi vasitəsilə", iOS-da "Çağırışlar Wi-Fi vasitəsilə" funksiyalarını aktivləşdirmək lazımdır. "Bu halda rabitənin keyfiyyəti artacaq, enerji sərfi isə azalacaq", - Qritsenko deyib.
Ekspert həmçinin ekranın avtoparlaqlığını söndürərək tünd fonlardan istifadə etməyi məsləhət görüb - bu, telefonun OLED displeyi olduğu zaman aktualdır. Yəni bu halda telefon daha az enerji itirəcək və uzun müddət xidmətə yararlı olacaq.
Gün boyu telefonunu tez-tez enerji mənbəyinə qoşmağa məcbur olanlara isə məlumatların 4G/LTE vasitəsilə ötürülməsi funksiyasını söndürmək, 3G funksiyasını isə saxlamaq məsləhət görülür. Avtomatik sinxronlaşdırma, smart-saat və fitnes-trekerlər də enerjini "yeyir". Vibrasiyanı söndürməklə də enerjiyə xeyli qənaət etmiş olarsınız.
Qritsenko deyir ki, videozənglər, video çəkilişi və 3D oyunlar da smartfonun enerji sərfinə, eləcə də qurğunu enerjiylə doldurarkən akkumulyatorunun gücə düşməsinə səbəb olur. Enerjini çox sərf edən tətbiqlərdən imtina batareyanın ömrünü uzadır. Üstəlik, bütün tətbiqlər rəsmi mağazalardan yüklənirsə, o zaman antivirusu da daim işlətmək lazım deyil.