BAKI, 30 yanvar — Sputnik. Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılan "Motsart" gəmisinin heyət üzvləri Türkiyəyə gətirilib. Hadisə vaxtı gəminin azərbaycanlı mühəndisi Fərman İsmayılov öldürülüb, heyətin üç üzvü isə quldurlardan xilas ola bilib.
Sputnik Azərbaycan Anadolu agentliyinə istinadla xəbər verir ki, gəminin dördüncü kapitanı Furkan Yaren, baş mühəndisi İlhan Süha Tatlıgül və mexaniki Bahadır Yeşilalan İstanbul Hava Limanında jurnalistlərin suallarını cavablandırıblar.
Ayağından yaralanan kapitan F.Yaren bildirib ki, ilk siqnal gəldiyi andan etibarən bunun təlim olmadığını anlayaraq gəminin şəxsi heyətini təhlükəsiz sahəyə köçürüblər: "Orada qapıları bağlayaq kömək gözləməyə başladıq. Sonra bizi ayırdılar, neçə nəfər olduqlarını xatırlamıram. Yoldaşlarımızı apardılar. Təəssüf ki, yoldaşlarımızdan birini itirdik, mən də ayağımdan yaralandım. Əlimizdə olan bütün məlumatları səlahiyyətli şəxslərə ötürmüşük".
Gəminin baş mühəndisi isə bildirib ki, dəniz quldurları heyət üzvlərini girov götürəndən sonra gəmini xilas etmək üçün çox əziyyət çəksələr də, nəhayət, buna nail olublar: "Sükan otağına girib qapını içəridən bağlamışdıq. Qapını atəşə tutdular, sonra gürzlə vurub parçalamağa başladılar, elə bil dəhşət filmi izləyirdik. Bu vəziyyət 6-7 saat davam etdi. Həmin müddətdə azərbaycanlı qardaşımız həyatını itirdi. Mən də yaralandım. Sonra o biri yoldaşlarımızı özləri ilə apardılar. Məni tapmadılar, gizlənmişdim. Qalan iki nəfəri də yaralı olduqları üçün orada qoyub getdilər".
Tatlıgül əvvəl gəmini xilas etdiklərini, sonra isə ailələri ilə əlaqə yaratdıqlarını bildirərək "İnşallah, dəniz quldurlarının əlində girov olan 15 yoldaşımız da sağ-salamat qurtular", - deyib.
Xəbər verdiyimiz kimi, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində "Motsart" adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.
Xatırladaq ki, Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, yanvarın 27-də isə Azərbaycana gətirilərək torpağa tapşırılıb.