BAKI, 29 yanvar — Sputnik. Azərbaycan Mərkəzi Bankı yeni binasını öz hesabına tikəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 29-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O deyib ki, biz yeni inzibati binamızı öz vəsaitimiz hesabına tikəcəyik: "Son 3 ildə dövlət büdcəsinə 7,8 milyard manat vəsait köçürmüşük. Bu il isə 250 milyon manat köçürməyi düşünürük. Ona görə də yeni inzibati binanın tikintisinin dövlət büdcəsindən təmin olunması barədə söhbətlər həqiqəti əks etdirmir".
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı yeni inzibati binasının tikintisinə 218 mln. avro yönəldəcək.