Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"O divarlar hər an uçub başımıza düşə bilər" - Badamdardakı sürüşmə zonasında təhlükə

© Sputnik / Murad OrujovBayılda sürüşmə (29 yanvar 2021 il)
Bayılda sürüşmə (29 yanvar 2021 il) - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda mütəxəssislər Badamdar yolunun sağ yamacında 20-ci km-ə gedən yolda baş vermiş proseslə bağlı ilkin müşahidələr aparırlar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. "Görürsünüz, yuxarıda bir divar qalıb. Bir gözümüz o divardadır. Yəqin ki, o da bir azdan uçub düşəcək aşağı".

32 ildir ki, sürüşmə zonasında yaşayan Vaqif Səlimov Bakının Səbail rayonu ərazisində Badamdar şossesində torpaq sürüşməsi baş verəndə evində olub. Onun sözlərinə görə, ərazidə sürüşmə axşam saat 9 radələrində baş verib: "Mən yoldaşımla evdə televizora baxırdım. Çölə çıxıb gördük ki, torpaq uçub evin üstünə qədər gəlib. Qonşunun evinin hasarını uçurub, evin giriş qapısı torpaq uçqunun altında qalıb".

© Sputnik / Zulfiyya GuluyevaVaqif Səlimov
O divarlar hər an uçub başımıza düşə bilər - Badamdardakı sürüşmə zonasında təhlükə - Sputnik Azərbaycan
Vaqif Səlimov

78 yaşlı Vaqif Səlimov Sputnik Azərbaycan-a bildirib ki, əvvəllər burada torpaq sürüşməsinin baş verməsi onları o qədər də narahat etməsə də, artıq bu ərazidə yaşamaq həyati təhlükə yaradır: "Bir neçə dəfə burada torpaq sürüşməsi baş verib. Sürüşmənin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi beton sədd çəkdi. Amma yuxarıdan axan su torpağı yuduğundan, torpaq yavaş-yavaş o divarları da uçurdu. Bir az bundan əvvəl ekspertlər əraziyə baxış keçirirdilər. O gördüyünüz divarın da uçub gəlmə ehtimalının olduğunu dedilər. Elə hesab edin ki, biz Əzrayılla çilingağac oynayırıq."

Həmsöhbətimiz deyir ki, torpaq sürüşməsi baş verən gecə öz ailəsi və oğlunun külfətini yığıb qohum evinə göndərib: "Ailəni gecə ilə burdan çıxartdıq. Bircə mən qalmışam. Aidiyyəti qurumların qərarını gözləyirik".

Vaqif Səlimov deyir ki, yamacda torpağı 1979-cu ildə alıb: "40 ildir ki, mən bu ərazidə yaşayıram. Evi isə tikib yaşadığım 32 ildir. 8 otaqlı evim var. Evin kupçası olmasa da, 1979-cu ildə bağ kimi torpağa sənəd verilib".

İndi Vaqif dayı kimi ərazidə yaşayan digər sakinlər də təşviş içindədirlər. Ərazidəki sakinlər bildirdilər ki, hər dəfə yağış-qar yağanda onlar gecəni yata bilmirlər: "Elə bilirik ki, o divarlar hər an uçub başımıza töküləcək. Biz də qalacağıq torpağın altında".

© Sputnik / Murad OrujovBayılda sürüşmə (29 yanvar 2021 il)
O divarlar hər an uçub başımıza düşə bilər - Badamdardakı sürüşmə zonasında təhlükə - Sputnik Azərbaycan
Bayılda sürüşmə (29 yanvar 2021 il)

Sakinlərlə söhbət zamanı öyrəndik ki, ərazidə yaşayanlar arasında evinin kupçası olanlar da var. Yerdə qalanlar isə bağ sənədi alıb. Onlar hələ ki aidiyyəti qurumların onları hara köçürəcəyi, nə qədər kompensasiya verəcəyini bilmədiklərini söylədilər.

Qeyd edək ki, baş verən torpaq sürüşməsi nəticəsində torpaq yola töküldüyündən yol da bağlanmışdı.

Sakinlərin iddiasına görə, beton divarların uçmasına səbəb yuxarıda aparılan qazıntı işləridir: "6 aydır ki, traktorlar qazdıqlarını tökürdü beton plitələrin üstünə. Nəticədə, beton plitələr uçub gəldi aşağı".

Biz hadisə yerində olanda əraziyə aidiyyəti qurumların nümayəndələri də gəldilər. Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov jurnalistlərə açıqlamasında bildirdi ki, torpaq sürüşməsi əvvəl baş verdiyi ərazidə aktivləşib: "Badamdarda baş verən sürüşmə prosesi əsasən tabe amillərin təsirindən yaranıb. Ərazinin geoloji quruluşunda iştirak edən süxurların yuyulmağa həssaslığı, maili yamacın olması və son aylar əraziyə düşən atmosfer yağıntıları bu prosesi qaçılmaz edib. Hazırda ərazidə tədqiqat işləri aparılır. Sürüşmə kütləsinin parametrləri ölçülür və bu istiqamətdə araşdırmalar davam etdirilir. Ərazidə təbii amillərdən başqa təsirlər də var. Yamacın yuxarı hissəsində təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib".

© Sputnik / Murad OrujovBayılda sürüşmə (29 yanvar 2021 il)
O divarlar hər an uçub başımıza düşə bilər - Badamdardakı sürüşmə zonasında təhlükə - Sputnik Azərbaycan
Bayılda sürüşmə (29 yanvar 2021 il)

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, rayon Polis İdarəsinin rəisi Cavid Muradov, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri hadisə yerində idilər. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədov bildirdi ki, ilkin müşahidəyə görə, 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görüb: "Həmin evlərdə yaşayan sakinlər dərhal təxliyə edilib. Sürüşmə zamanı torpaq altında 1 minik avtomobili qalıb. Xoşbəxtlikdən heç bir tələfat yoxdur".

Xidmətin rəisi Əli Əliyev isə bildirib ki, hazırda mütəxəssislər Badamdar yolunun sağ yamacında 20-ci km-ə gedən yolda baş vermiş proseslə bağlı ilkin müşahidələr aparırlar: "Sağ yamacda çox böyük süxur kütləsi aşağı sürüşüb. Sürüşmənin dilinin minimal hündürlüyü 90 sm-dən yuxarıdır. Yolun aşağı hissəsində tikilmiş restoran binasında dağıntı baş verib. İlkin müşahidələrə görə, yamacın Badamdar massivi hissəsində qoruyucu divarlarda kütlənin təsiri ilə dayanıqlıq itib və aşağı sürüşüb. Süxurlar islanmış süxurlardır. Süxur kütləsinin altından su sızması müşahidə edilir".

© Sputnik / Murad OrujovBayılda sürüşmə (29 yanvar 2021 il)
O divarlar hər an uçub başımıza düşə bilər - Badamdardakı sürüşmə zonasında təhlükə - Sputnik Azərbaycan
Bayılda sürüşmə (29 yanvar 2021 il)

Badamdarda sürüşmə zonasına gələn Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə bildirdi ki, sürüşmə zonası ilə bağlı tədbirlər planı hazırlanacaq: "İlk növbədə ərazidə ekspertlər çalışıb rəsmi məlumat verməlidir. Bu sözügedən ərazidə ilk torpaq sürüşməsi deyil. Ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır. "Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər aidiyyəti qurumların mütəxəssisləri ərazidədir. FHN-nin nəzdində xüsusi komissiya qrupu yaradılıb. Onlar məsələ ilə bağlı zəruri tədbirlər görəcəklər. Bununla yanaşı tədbirlər planı hazırlanacaq. FHN-nin nümayəndələrinin də iştirakı ilə hazırlanacaq tədbirlər planı çərçivəsində dəymiş ziyanın hesablanması və digər məsələlər də öz əksini tapacaq".

Xəbər lenti
0