BAKI, 29 yanvar — Sputnik. Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva ali təhsil müəssisəsinin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın tələbələrin təhsil haqqını mənimsəməsinə münasibət bildirib.
Bununla bağlı "Report"a açıqlama verən rektor bildirib ki, D.Əliyeva 2020-ci ilin noyabr ayının 20-də öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.
"Payız semestrinin imtahan sessiyanın başlanması ilə əlaqədar onun vəzifəsini müvəqqəti icra edən şəxs tələbələrə sessiya müddəti, dərs cədvəli, təhsil haqqının ödənilməsi və s. barədə məlumat verərkən, məlum olub ki, təhsil haqqını şöbə müdiri özü tərəfindən keçirəcəyi adı ilə qeyri-qanuni olaraq tələbələrdən şəxsən yığıb, lakin büdcəyə ödəməyib. Halbuki maliyyə əməliyyatlarının aparılması üçün universitetin inzibati binasının I mərtəbəsində "Kapital Bank" tərəfindən müvafiq elektron qurğu – ödəmə terminalı yerləşdirilib.
Bu məsələ ilə bağlı Qiyabi və əlavə təhsil şöbəsində təhsil ödənişləri vəziyyətinin araşdırılması məqsədilə komissiya yaradılıb. Komissiya tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, pandemiya ilə əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edərək D.Əliyeva tələbələrdən təhsil haqlarını ya öz bank hesabına keçirilməsi vasitəsilə əldə edib və ya onlarla müxtəlif yerlərdə görüşüb həmin vəsaiti yığaraq mənimsəyib.
Yaradılmış komissiya tərəfindən araşdırma zamanı bu vəsaitin təxminən 140 min AZN miqdarında olduğu müəyyənləşdirilib.
Məsələyə tam aydınlıq gətirmək məqsədilə, Qiyabi və əlavə təhsil şöbəsinin sabiq müdiri D.Əliyeva universitetə dəvət edilib və ondan izahat tələb olunub. D.Əliyeva şifahi izahatında tələbələri aldadaraq onlardan müxtəlif məbləğdə vəsait yığdığını etiraf edib.
Komissiya üzvləri ona sözü gedən vəsaitin ən qısa müddətdə universitetin büdcəsinə qaytarılmasının zəruriliyini bildiriblər. Lakin D.Əliyevanın mənimsədiyi vəsaitin göstərilən müddət ərzində qaytaracağına söz verməsinə baxmağaraq, əməl etməyib, növbəti dəfə dəvət olunarkən universitetə gəlməkdən imtina edib, komissiya üzvlərini şantaj edib, daha sonra zənglərə cavab verməyib, yaşadığı mənzildən çıxaraq naməlum ünvana köçüb.
Son günlərdə məlum olub ki, D.Əliyeva müxtəlif işlər düzəltmək məqsədilə (Diplomun tanınması, Milli Məclisdə işə düzəltmək, məktəbə, uşaq bağçasına direktor vəzifəsinə düzəltmək, ev alqı-satqısı və s.) universitetə aid olmayan digər şəxsləri də aldadaraq külli miqdarda vəsait mənimsəyib.
Bu məsələ ilə bağlı məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyinə çatdırılmış, inzibati orqanlara bildirilib.
Onun 0,5 ştat müəllim kimi fəaliyyət göstərməsi məsələsi universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən müzakirə olunaraq müəllim adına yaraşmayan, mənəvi cəhətdən qüsurlu hərəkətlərinə görə müəllimlik fəaliyyətinə də xitam verilib", rektor bildirib.