BAKI, 28 yanvar — Sputnik. Dörd yüz bir ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub. Mənzil İnşaatı Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, Hövsan Yaşayış Kompleksində 10-14 sentyabr 2020-ci il tarixlərində "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə seçilmiş ümumilikdə 501 mənzildən 399-nun alqı-satqısı başa çatdırılıb.
Mənzilə sahib olmuş vətəndaşlardan 36-sı mənzili öz vəsaiti hesabına, 363-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib.
İki mənzil isə 10 sentyabr 2020-ci il tarixində Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 2 hərbçinin ailə üzvlərinə təqdim edilib.
Bildirilib ki, "Güzəştli mənzil" sistemində qeydiyyatdan keçən Hüseynov Orxan Bəhmən oğlu və Hüseynov Fərid Fətəli oğlu Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək 2 otaqlı mənzil seçib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçi şəhidlik zirvəzinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıb.