CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda Milli Parkın əməkdaşlarını güllələdilər

© pixabay / andreas160578Ovçu
Ovçu - Sputnik Azərbaycan
Abunə olmaq
Qızılağac Milli Parkının üç əməkdaşı iş başında olarkən güllələnib. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma başlayıb

BAKI, 28 yanvar — Sputnik. Yanvarın 27-də Qızılağac Milli Parkının mühafizə yegerləri və mühafizə müfəttişinə qarşı zor tətbiq olunması ilə bağlı Lənkəran rayon Prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin gün saat 23 radələrində Qızılağac Milli Parkının mühafizə yegerləri Zahir Bəşirov, Ceyhun Mustafayev və mühafizə müfəttişi Natiq Rzazadənin qanunsuz ov edən şəxslərin müəyyən edilməsi məqsədilə parkda xidməti vəzifələrini icra edərkən naməlum şəxs onlara ov tüfəngindən atəş açıb. İnsident zamanı işçilər xəsarət alıblar.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0