BAKI, 28 yanvar — Sputnik. Amerikalı aktrisa, "Oskar", "Qızıl qlobus" və "Emmi" mükafatlarının sahibi Kloris Liçmen ömrünün 94-cü ilində vəfat edib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu barədə aktrisanın meneceri məlumat yayıb.
Amerika Kino Akademiyasının nümayəndələri aktrisanın ölüm xəbəri ilə bağlı onun ailə üzvlərinə başsağlığı veriblər.
Qeyd edək ki, Kloris Liçmen 50-dən çox ekran əsərlərində rol alıb və öz işinə görə çoxlu sayda mükafat qazanıb. Aktrisa "Sonuncu kinoseans" (The Last Picture Show, 1971) filminə görə "Oskar" qazanıb. Bundan əlavə, aktrisa doqquz dəfə "Emmi", həmçinin "Qızıl qlobus" mükafatlarının sahibi olub.