Könüllü müharibəyə gedən iki qardaşın hekayəsi: Dedilər "başımızdan yaylığı açdınız"

© SputnikVüsal və Eldost Azayev qardaşları
Vüsal və Eldost Azayev qardaşları - Sputnik Azərbaycan
Abunə olmaq
Vüsal Azayev: "Sözsüz ki, müharibə çətindir. Nə kinoda, nə xəbərlərdə gördüyümüz kimi deyil. Qorxu, hürkü, məsuliyyət, fədakarlıqla yanaşı, insanın ən pis siması da üzə çıxır".

I Yazı

BAKI, 28 yanvar — Sputnik. 44 günlük Vətən Müharibəsi bizə ölkəmizi, insanlarımızı başqa yöndən tanıtdı. Biz mövzu vətən olanda necə birləşməyin, necə bütövləşməyin və "dəmir yumrağa" çevrilməyin bariz nümunəsini göstərdik. Amma içimizdə elə insanlar da var ki, həmişə tərəddüd etmədən kürəyimizi dağ kimi onlara söykəyə bilirik. Bilirik ki, kim də getməsə, məhz bu insanlar sinələrini qabağa verərək gedəcəklər. Mövzu vətən olanda onlar üçün ev də, ailə də, iş yeri də, mal da, pul da arxa plana keçir. Vətən məhz belə oğulların çiyinləri üzərində bərqərardır.

Yazımızın qəhrəmanları Vüsal və Eldost Azayev qardaşları da bu qəbildən olan insanlardır. Vüsal Ukraynadakı sakit iş həyatını atıb vətənə qayıdıb ki, burada işini qursun, vətənə faydası dəysin. Eldost isə Saatlıda kənd məktəbinin direktorudur.

© SputnikEldost və Vüsal Azayev (sağda) qardaşları
Könüllü müharibəyə gedən iki qardaşın hekayəsi: Dedilər başımızdan yaylığı açdınız - Sputnik Azərbaycan
Eldost və Vüsal Azayev (sağda) qardaşları

Hələ Tovuz hadisələri zamanı könüllü orduya yazılıblar. 27 sentyabrda Vətən müharibəsi başlayanda isə rayondakı hərbi komissarlığın qapısını ilk kəsən də bu qardaşlar olub. Çağırış mesajı hər ikisinə eyni gündə gəlib. Vüsal Eldostun getməsini istəməyib. Çünki onun ailəsi, iki övladı və rəhbərlik etdiyi məktəb var idi. Həm də Eldostun əlillik dərəsi var. Amma o israr edir və hər şeyə rəğmən qardaşı ilə birlikdə cəbhəyə yollanır. Vüsal Baş leytenant olaraq bölük komandirinin müavini, Eldost isə leytenant olaraq taqım komandiri vəzifəsini icra edir. Ağcabədidə bir həftəlik təlimlərdən sonra cəbhəyə yollanırlar. İlk günün axşamı mühasirəyə düşürlər. 48 saatdan artıq çəkən mühasirə kömək gəldikdən sonra yarılır və qardaşlar xilas olurlar. Cəbrayıl və Qubadlının düşmən işğalından azad edilməsində şücaət göstərirlər. Və bu qəhrəmanlıqlarına görə prezident tərəfindən həm Cəbrayılın, həm də Qubadlının işğaldan azad olunmasına görə medalları ilə təltif edilirlər. Eldost da evə baş leytenant rütbəsi ilə dönür.

Onlar analarını uşaq yaşlarında itiriblər. Ataları da illər əvvəl həyatdan köçüb. Müharibədən qayıdanda isə valideynlərinin olmadığını hiss etməyiblər. Çünki kənd camaatı elliklə axışaraq qardaşları qarşılamağa gəlib.

© SputnikVüsal və Eldost Azayev qardaşları
Könüllü müharibəyə gedən iki qardaşın hekayəsi: Dedilər başımızdan yaylığı açdınız - Sputnik Azərbaycan
Vüsal və Eldost Azayev qardaşları
"Bir anın içində bütün kənd həyətimizdə idi, iynə atsan, yerə düşməzdi. İnsanlar qardaşların sağ-salamat qayıtmasını bir anını içində toy-bayrama çevirdilər", - deyə Eldostun həyat yoldaşı Aygün xanım bildirir.

Onlar qalib ordunun zabitləri kimi evə qayıtsalar da, gözlərində dərin bir kədər var. İtirdikləri, həyatları yarımçıq qalmış gənc əsgərlərin şəhid olmasına üzülürlər. Bizə isə deyirlər ki, "danışa bilmədiklərimiz danışa bildiklərimizdən qat-qat çoxdur".

Vüsal deyir ki, bəlkə də gələcək nəsillər üçün cəbhədə gördüklərini, bu müharibə barədə düşündüklərini yazıb kitab halına saldı. Deyirlər ki, "müharibə yenə olsa, yenə tərəddüd etmədən gedəcəklər". Çünki vətən, torpaq naminə döyüşməyə, düşmənə qalib gəlməyin verdiyi qürur hissini yaşamağa dəyərdi.

Mülki həyatdan qısa zamanda müharibənin od-alovu içərisinə düşmək və yenidən mülki həyata qayıtmaq. İndi onlar müharibəyə də, mülki həyata da başqa gözlə baxmağa başlayıblar.

Qardaşlar Sputnik Azərbaycan-a müsahibə veriblər. Onlarla söhbətin bir hissəsini oxucularla bölüşürük. İlk olaraq suallarımızı qardaşların yaşca böyüyü Vüsal Azayev cavablandırır.

- Müharibə indi sizin üçün nə deməkdir?

- Neçə il idi biz bu müharibəni gözləyirdik. Vaxtı gəldi, getdik. Mən çox istədim Eldost getməsin, onun əlillik dərəcəsi var. İkimiz də eyni gündə hərbi komissarlığa getdik. İkimizə də eyni anda mesaj gəldi. Eldosta dedim "sən getmə, ailən, məktəbin var". Dedi "heç elə şey olar ki, sən gedəsən, mən getməyəm?" Düşünürdüm ki, Qarabağın azad edilməsinə ömrüm yetməyəcək. Çox şükür ki, ömrüm yetdi.

Əvvəllər döyüş bölgəsində olmuşdum, amma hərbi əməliyyatlarda olmamışdım. Bu, ilk dəfə idi. Təsəvvür etdiyimiz kimi deyildi. Sanki kompüter oyunu oynayırsan. Çatdırıb reaksiya da verə bilmirsən ki, növbəti addım nə olacaq. Bir əmr tam yerinə yetirilməmiş, növbətisi gəlir. Bir yandan da məsuliyyət – 81 əsgərin məsuliyyəti. Desək ki, çox əziyyət çəkdik, bu, doğru olmaz. Sözsüz ki, müharibə çətindir. Nə kinoda, nə xəbərlərdə gördüyümüz kimi deyil. Qorxu, hürkü, məsuliyyət, fədakarlıqla yanaşı, insanın ən pis siması da üzə çıxır. Bir sözlə, hər şeyi görürsən. Arzulayıram ki, danışıqlar prosesi məntiqi nəticəsinə çatsın. Deyirlər ölüm qaşla göz arasındadır. Müharibədə isə kipriklə göz arasında olur. Bəzən deyirlər "kimə lazımdır o torpaqlar? Boş qalıb da. Hamı öz şəraitini qurub burada". Amma bilirsiz, Rusiyada yaşayan xalam oğlu bizə zəng edib nə dedi? Dedi "çox sağ olun ki, başımızdan yaylığı açdınız. Biz hər sahədə ermənilərin cavabını verirdik, amma torpaq məsələsində başımız aşağı idi".

- Müharibə xalqımızla bağlı düşüncələrinizdə nəsə dəyişiklik edib? Sizcə xalq özünü necə apardı?

- Açığı belə gözləmirdim. Xalq ölməyib, milli damarı yaşayır. Sadəcə təhsil düşüb aşağı, insanların ümumi rifahı düşüb. Amma xalq ölməyib. Bunu söz xətrinə demirəm. Mən bunu müharibədə gördüm.

Bir dostumla danışdım. Dedi ki, "niyə bizə demədən getdin?" Dedim mən harada olmalıyamsa, oradayam indi. Nə dərəcədə borcumuzdan çıxdıq, bilmirəm.

© SputnikVüsal və Eldost Azayev qardaşları
Könüllü müharibəyə gedən iki qardaşın hekayəsi: Dedilər başımızdan yaylığı açdınız - Sputnik Azərbaycan
Vüsal və Eldost Azayev qardaşları

- Belə fikirlər var ki, o müharibə, qırğınlar olmaya da bilərdi, rus sülhməramlıları gəlməməli idi. Necə düşünürsüz, Qarabağ problemini müharibəsiz və rus sülhməramlılar gətirilmədən həll etmək mümkün idimi?"

- Birmənalı olaraq deyirəm ki, bu məsələ müharibəsiz həll oluna bilməzdi. Hadisələrin məğzini dərindən bilməyən insanlar deyirlər ki, niyə indi oldu? Siyasətdən bir az anlayışı olanlar bilir ki, bizim ətrafımızda olan qlobal güclərin hardasa bir az göz yummağı bu vaxta gətirib çıxardı. Elə bir siyasi şərait yarandı ki, biz müharibəyə başladıq. Əks halda, nə qədər güclü olsaq da müharibə edə bilməzdik. Az bir müddətdə bu boyda ərazini qazandıq. İnanıram ki, bundan sonra siyasi danışıqlarla nələrəsə nail olunacaq.

- Müharibədə çatışmayan cəhətlərimiz var idimi? Vardısa hansılar idi?

- Əlbəttə, çatışmayan cəhətlər var idi. Hazırlıq məsələsində problem var idi. Mən axırıncı dəfə 20 il əvvəl əlimə silah almışdım. Bizim bölükdə olan 5 zabit mənim kimi uzun illər əllərinə silah almamışdılar. Məsələn, bizim taborda bu, onunla kompensasiya olundu ki, taborun idarə heyətinə təyin olunmuş zabitlər peşəkar pensiyaçılar idi. Bizim qeyri-peşəkarlığımızdan yaranan boşluqları onların peşəkarlığı doldurdu. Təbii ki, yanlışlar var idi. Bunu indi düşünürəm. Bu normaldır. Müharibədə bunun olmağı normalı idi. Bəzi məsələlər mənə də qaranlıqdır, ömür boyu da qaranlıq qalacaq. Ümumiyyətlə, düşünürəm ki, müharibədə baş verənləri qələmə alım. Yəqin ki, bu müharibədə ordumuzdakı boşluqları bildilər. Fikrimcə, o problemlər zamanla həllini tapacaq.

- Vüsal , bir məqaləndə yazmışdın ki, artıq ağır hərbi texnika və piyadalardan ibarət ənənəvi müharibələr dövrü geridə qalıb, Qarabağda müharibə olsa, bu, mütləq ağıllı müharibə olmalıdır. Əvvəl havadan zərbələr, sonra isə desant hücumları. Bu müharibə sənin düşüncələrini doğrultdumu?

- Bir zamanlar "Fikir Fabriki İnstitutu" adlı layihə var idi. Mən həmin layihə üçün bir məqalə yazmışdım. Bir müddət Qırğızıstan, Moldova, Gürcüstan kimi ölkələrdə olmuşam. O ölkələrdə olanda maraqlanırdım ki, nələri var, nələri yox. Həmin vaxt bir təklif vermişdim ki, "Smerç" reaktiv yaylım atəşi sistemləri var, ondan alaq. Qarabağın relyefini nəzərə alaraq "şumlayaq" oranı. Mən onu 5-6 il bundan qabaq yazmışdım. O vaxt dronun ancaq adını eşitmişdik. Onda onu heç nəzərə almamışdım. Müharibə başqa istiqamətdə davam elədi. Aprel döyüşləri oldu. Ondan sonra ermənilər Fizuli-Ağdam istiqamətində möhkəmləndirmə işləri aparmışdılar. Təəssüf ki, dronlardan düşmən tərəfi də istifadə elədi. Bundan sonra müharibə olsa, düşünürəm ki, artıq zirehli texnika öz əhəmiyyətini itirib. Bu döyüşlər göstərdi ki, ağır zirehli texnika, mobil olmayan texnika sadəcə hədəfdir. Sözsüz ki, canlı qüvvəni də sıradan çıxarmaq olmaz. Çünki, istənilən ərazidə, istənilən mövqeni o vaxt tutmuş sayılırsan ki, orada sənin əsgərin dayanıb. O torpaqlar o zaman bizim olacaq ki, orada insan yaşayacaq. Baxın işğaldan azad olunmuş torpaqlarımıza. Hamısı xarabalıqdır. Sanki orada heç vaxt insan yaşamayıb.

© Sputnik / Shahperi AbbasovaVüsal və Eldost Azayev qardaşları
Könüllü müharibəyə gedən iki qardaşın hekayəsi: Dedilər başımızdan yaylığı açdınız - Sputnik Azərbaycan
Vüsal və Eldost Azayev qardaşları

- Ordudan qayıtmış əsgər və zabitlərin psixoloji dəstəyə ehtiyacı varmı? Cəmiyyət onlarla necə rəftar etməlidir?

- Döyüş vaxtı hansısa yaralını güllələrin altından çıxaran, hansısa döyüş yoldaşının şəhid olduğunu görən insana mütləq psixoloji yardım lazım olacaq. Amma kiminsə döyüşdən sonra hansısa başqa tələblər qoymağı düzgün deyil. Sən əgər nələrsə tələb edəcəksənsə, bəs sənin fədakarlığın hanı? Təbii ki, qayğıya ehtiyac var. Amma bu, sui-istifadələrə yol açmamalıdır.

- Müharibədə bizim güclü və zəif tərəflərimizi qısaca necə izah etmək olar?

- Bizi hərbi komissarlıqdan yola salanda böyük bir izdiham var idi. Artıq o insanları görəndə qürrələnirdin. Ondan başqa, xalqımızın bizə göndərdiyi yardımlar insanı döyüşməyə sövq edirdi. Yemək gəlirdi, bilirdik ki, bu, təminat yeməyi deyil.

Bir məsələ də var ki, qiymətləndirmədə balans bir az pozuldu. İstər döyüş əsnasında, istərsə də təltifat baxımdan obyektivlik olmadı. Bu, istər-istəməz narazılıq doğurur. Bəzilərinin hərbi biletinə "döyüş əməliyyatlarını yerinə yetirib" yazılıb, o birisinə "mühafizə xidmətinin təşkili". Bu məsələlər haqlı narazılığa səbəb olur. Hətta mühafizə xidmətinin təşkili ilə məşğul olan şəxs də döyüş əməliyyatlarını həyata keçirirdi. Tutaq ki, biz hansısa məntəqəni aldıq, orada mühafizə xidmətini yerləşdirdik. Kim zəmanət verə bilər ki, düşmən həmin yerə qayıtmayacaq. Bunun özü də döyüş tapşırığıdır.

Təəssüf ki, bəzi insanlar qələbəmizi tam anlamır. Lap gizli məqamlar da olsa belə, bunun özü də böyük nailiyyətdir. Ermənilər bu uğuru qazansaydılar, bütün dünyaya car çəkərdilər. Amma özümüzdə bunun əksini görürəm. Ey bu barədə danışanlar, 2783 şəhid var, bunu nəzərə alırsınız? Bir güllə atmadan Ağdamı, Laçını, Kəlbəcəri almaq özü də qəhrəmanlıqdır. Bunu aşağılamaq olmaz.

İndi xarici pasportumuzu cibimizə qoyub dünyanın istənilən ölkəsinə alnıaçıq gedə bilərik. Hətta Türk qardaşlarımız belə deyirdilər ki, Qarabağ məsələsi nə oldu?! İndi onların yanında da alnımız açıqdır.

P.s. Eldost Azayevlə müsahibəni II yazıda təqdim edəcəyik

Xəbər lenti
0