Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qeyri-adi üsulla ev inşa edən astaralı qadın - video

Abunə olmaq
Qadının ev inşa etdiyini desək, bəlkə də çoxları inanmayacaq. Lakin Astaranın Sım kənd sakini Aliyə Xalıqova qeyri-adi üsulla gildən ev inşa edən ustadır.

Sım kəndində insanlar əzəldən palçıq evlər tikiblər. Kənddə mişar daşından ev tikənlər də var, lakin palçıq evlərin inşası qədim ənənə olduğu üçün bu gün də yaşadılır. Sputnik Azərbaycan-ın müxbiri ilə həmsöhbət olan Aliyə xanım deyir ki, bu,  əsasən qadın işidir, çünki kənd yeri elə bir yerdir ki, qadınlar artıq bu işə alışıblar.                                  

"Kənd elə bir yerdir ki, necə deyərlər, hər bir kənd qızı çulunu sudan çıxarmalıdır. Bu, xüsusi işdir, bu işi qadın görməlidir. Mən təxminən 35 ildir ki, bu işlə məşğulam. Əvvəl mən anama və böyük bacılarıma kömək etmişəm, daha sonra isə özüm sərbəst bu işi görməyə başladım. Məlum məsələdir ki, ev inşa edən zaman mütləq köməkçin olmalıdır. Gili ələyən zaman və ya palçığı ayaqlayan zaman kim yanımda olursa, oğlum və yaxud qızım, onlar köməklik edirlər. Dediyim kimi, demək olar istənilən kənd uşağı bu sənəti bacarır".

Aliyə xanım belə evlərin inşası üçün isə hər palçığın yaramadığını, bunun üçün xüsusi gil lazım olduğunu vurğuladı. Çünki istənilən palçıq divarda qalmır. Həm də ev inşası üçün lazım olan gili kəndin istənilən yerindən əldə etmək olmur:

“Ev inşası üçün də xüsusi gil var. Palçığın suyu tez çəkildiyindən onu divara hörəndə az-az suvayıram. Çünki suvaq palçığının suyu tez çəkilərsə, onu hamarlamaq olmur. Palçıq evlər də digər evlər kimi demək olar, daimidir. Kənar təsirlər olmazsa, palçıq evlərə heç bir şey olmur. Sadəcə palçığın tərkibində qılçalar olduğundan quşlar divarları dimdikləyirlər. Əgər vaxtında divar məcunlanarsa və ya əhənglənərsə, ümumiyyətlə, belə evlərə heç bir şey təsir etməz”.

Usta xanım Aliyə Xalıqova sənətini öz övladlarına da öyrədib. Hazırda oğlu Ruziyar Şıxvəlizadə Aliyə xanımla birgə gil evlər inşa edir.

“Mən dünyanı dərk edəndən anamın gildən ev tikdiyini görmüşəm. Əlimdən gəldiyi qədər anama suvaq işləri görən zaman köməklik edirəm. Əsasən palçığı ayaqlamaqda, palçığı vedrələrə doldurub evə daşımaqda, bir də suvaq işini görəndə anama kömək edirəm”.

Xəbər lenti
0