BAKI, 27 yanvar — Sputnik, İrina Alksnis. İtaliya bu günlərdə bəyan etdi ki, Aleksey Navalnı işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaları gözdən keçirməyə hazırdır. Bir qədər bundan əvvəl Rusiyaya qarşı "effektli sanksiyalar" tətbiq etmək ideyasını Fransa, Polşa, Çexiya və başqa ölkələr dəstəkləyiblər. Bundan başqa, çexlər Rusiyanın Praqadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıblar.
Bununla belə, Avropa Şurası (AŞ) xarici işlər nazirlərinin görüşündən sonra bu qitənin diplomatiya rəhbəri Jozep Borrell bildirdi ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi üçün quruma konkret təkliflər daxil olmayıb.
Yaranan kazusu Slovakiya xarici işlər naziri İvan Korçok izah etməyə çalışıb. Onun sözlərinə görə, "Avropa Şurası sonsuza qədər yalnız sanksiya siyasətinə arxalanmaq istəmədiyini sübut etmək niyyətindədir, həmçinin ədalətli məhkəmə prosesinin keçirilməsini (blogerlərlə bağlı – red.) istəyir". İ.Korçok onu da xatırladıb ki, fevralın 5-də Jozep Borrell Sergey Lavrovla görüşmək üçün Moskvaya uçacaq. Slovak diplomatının fikrincə, bu məsələ onların görüşünün əsas müzakirə mövzusu olacaq.
Diplomatın fikrini hamının başa düşəcəyi şəkildə ifadə etsək, AŞ Moskva ilə münasibətlərin gərginləşməsi fonunda, sadəcə olaraq, öz mövqeyini dəyişmək məcburiyyətində qalıb. Avropa (eləcə də bütün Qərb) Rusiya ilə qarşıdurma vəziyyətində olduğu son yeddi ildə bir dəfə də olsun, Moskvaya qarşı belə jest etməmişdi. Elə sanksiyaların özü də artıq çoxdan mənasız mərasimə çevrilib, belə ki, ikitərəfli münasibətlərə də, birgə layihələrə də xüsusi təsir göstərmir.
İstər-istəməz ortaya belə bir sual çıxır: əslində, Avropa Şurasının bu gözlənilməz addımının arxasında nə dayanır?
Bu sualın cavabını Moskvanın bu yeddi il ərzində Avropaya münasibətdə yumşalmayan mövqeyində axtarmaq lazımdır. Navalnı məsələsinin məğzi problemin Almaniyanın təşəbbüsü və Avropa Şurasının fəal dəstəyi ilə ortaya atılıb şişirdilməsindədir.
Avropa Şurası 2016-2017-ci illərdən başlayaraq anti-Rusiya siyasəti məsələsində əsaslı şəkildə ABŞ və Böyük Britaniyanın yolunu davam etdirir. Rusiyaya qarşı ən çirkin əməliyyatları təşkil edən Vaşinqton və London idi. Digər tərəfdən, Avropa transatlantik həmrəylik görüntüsünü qorumaq üçün belə bir jest etdi, əslində isə Rusiya ilə əməkdaşlığı bərpa etmək üçün kurs götürdü.
Blogerin "Noviçok"la zəhərlənməsi barədə cəfəng fikri ortaya atmaqla Berlinin hansı məqsədi güddüyünü uzun-uzadı müzakirə etmək mümkündür, lakin artıq məlumdur ki, Almaniyanın Moskva ilə əməkdaşlığı sarsıtmaq kimi niyyəti olmayıb. Almaniyanın Brüsselin dəstəyi ilə "Şimal axını-2"ni tamamlamaq və işə salmaq üçün dəridən-qabıqdan çıxması bunu birmənalı şəkildə sübut edir.
Rusiyanın Navalnı məsələsinə kəskin reaksiya verəcəyi gözlənilən olsa da, nədənsə bu, almanlar üçün sürpriz təsiri bağışladı. ABŞ və İngiltərə Rusiyanın geosiyasi rəqibləridir və Vaşinqtonla London öz rusofobiya siyasətini yalnız fantaziyalarla məhdudlaşdırır. Ancaq Avropa, ələlxüsus da Almaniya üçün Rusiya ilə əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Özü də bu əməkdaşlığın əhəmiyyəti günbəgün deyil, saatbasaat artır.
Ağ Evə yeni administrasiyanın gəlməsi vəziyyəti bir az da gərginləşdirir – Qərbi Avropa okeanın o tayındakı nəzarətdən qurtulmanın çətin və təhlükəli mərhələsinə qədəm qoyur. İndi isə Navalnı məsələsinə görə Avropanın Rusiya ilə münasibətlərində ciddi problemlər yaranıb. Halbuki Rusiya əvvəllər sözdə də, əməldə də Avropa Şurasının geosiyasi müstəqillik kursunu müdafiə edib. Avropanın Moskvanın köməyi olmadan bu məsələdə uğur qazanma şansı azdır, eyni zamanda, indi bu proses AŞ-yə daha çətin və baha başa gələcək.
Təəccüblü deyil ki, Qərbi Avropa üçün ən aktual məsələ Rusiya ilə münasibətləri bərpa etməkdir. Brüsselin son qərarları məhz bu məsələlərin həllinə yönəlib: yeni sanksiyalar mövzusu inandırıcı bəhanə ilə qeyri-müəyyən müddətə təxirə salındı, Avropanın baş diplomatı isə problemləri həll etmək və razılığa gəlmək ümidi ilə Moskvaya gedir. Ancaq xatırlatmaq lazımdır ki, aranı qarışdıran ilk növbədə Berlin olub. Odur ki prosesin həllinə də ən böyük töhfəni Almaniya verməlidir.