BAKI, 26 yanvar - Sputnik. Amerikalı iqtisadçı Stiven Rouç 2021-ci ilin sonunadək dolların 35% düşəcəyi barədə proqnozunu yenidən xatırladıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Bloomberg üçün yazdığı məqalədə məlumat verib.
"Ötən ilin martında ABŞ-da COVID-19 pandemiyası "partlayış edəndən" bəri dollar çökməkdədir. O, ABŞ-ın əsas ticarət partnyorları ilə müqayisədə təxminən 10-12% düşüb", - iqtisadçı vurğulayıb.
Rouç əmin edir ki, Amerika valyutasının enişi yaxın vaxtlarda dayanmayacaq. Onun fikrincə, ABŞ-ın cari büdcə ödəmələrindəki defisitin kəskin artımı, avro kotirovkalarının riskləri və Amerikanın Federal Ehtiyatlar Sistemi bu çöküşə səbəb olacaq.
Bundan başqa, pandemiyanın davam etməsi, resessiyaya çox yaxın olan iqtisadiyyatın durumu da, iqtisadçının sözlərinə görə, dollara neqativ təsir göstərir. Hazırkı vəziyyətdə daha bir iqtisadi yardım paketinin ağır nəticələri ola bilər, çünki "ABŞ-ın ehtiyatları buna bəs etməyəcək".
Bloomberg bundan öncəki məqalələrinin birində ABŞ-ın Federal Ehtiyatlar Sisteminin keçmiş başçısı Canet Yellenin ölkənin maliyyə naziri olduqdan sonra dolların axırına çıxacağı barədə proqnoz vermişdi.