BAKI, 26 yanvar — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyində (XİN) kütləvi şəkildə istefa ərizəsi təqdim edən peşəkar diplomatların sayı artır. Sputnik Azərbaycan Ermənistanın "Past" qəzetinə istinadən xəbər verir ki, Ermənistan XİN-ə onlarla istefa ərizəsi təqdim olunub.
"XİN rəsmisi qəzetə müsahibəsində qeyd edib ki, istefalar Ermənistan rəhbərliyinin anlaşılmaz xarici siyasəti və Paşinyanın bir sıra siyasi xadimləri səfir təyin etmək istəyi ilə bağlıdır. Yəni təcrübəli və peşəkar diplomatlar Nikol Paşinyanın bu sahədə siyasi və "biabırçı dərəcədə zəif" təyinatlarından narazıdırlar.
Nəşr yazır ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Baş nazir Nikol Paşinyanla da münasibətləri hamar deyil. Belə ki, Ayvazyan nazir təyin olduğu qısa zaman ərzində dəfələrlə Baş nazirin fikirləri ilə razı olmadığını bildirib.
"Bizdə olan məlumata görə, yaxın vaxtlarda Ayvazyanın özünün də istefası mümkündür", - deyə nəşr yazır.