Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 24 yanvar - Sputnik. Kür çayının sahilində saldığı bağda Vaqif İsayev müxtəlif növ ağaclar əkib. 6 il öncə əkdiyi armud ağacı isə onlardan fərqlənərək qış fəslində də bar verib. Mingəçevir sakini Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, ağac 3 il qış fəslində çiçək açıb. Amma ilk dəfə 2021-ci ilin yanvar ayında ikinci dəfə meyvə gətirib:
“Yaxşı məhsuldar sortdur, Mingəçevirdən bazardan almışdım 6 il öncə. Yay aylarında yaxşı armud gətirir. İndiki məhsulundan iri olur meyvələri. 3 ildir dalbadal çiçək açır, bu ildə üzərində 5 dənə armud saxladı. Biri düşüb, hazırda 4-ü ağacın budağındadır. Mingəçevirin təbiəti elədir ki, burada göyərti yetişdirmək olur qış aylarında, amma armud ilk dəfədir. Bura həm çayın qırağında yerləşir, həm də nisbətən istidir ona görə yəqin ki, ağac ikinci dəfə bar verə bilir. Onu da deyim ki, alça ağacı da çiçəkləmişdi ikinci dəfə, amma onun çiçəkləri töküldü, meyvə vermədi”.
Bağ həvəskarı olan Vaqif İsayev yüksək məhsul əldə etmək üçün vaxtında budama apardığını, bundan başqa ağacların dibinin yumuşaldılmasını və peyin verilməsini vacib hesab edir. Mingəçevir sakini həyətində “Nur şəhəri” üçün xarakterik olmayan naringi və portağal da yetişdirir. Bağ sahibi həmin subtropik meyvələrin digər bölgələrdə yetişənlərdən daha şirin və dadlı olduğunu iddia edir.