BAKI, 24 yanvar - Sputnik. Braziliyanın Tokantis ştatının Portu-Nasiunal şəhərində təyyarə qəzası baş verib.
Sputnik Azərbaycan xarici KİV-ə istinadla xəbər verir ki, qəza zamanı təyyarədə pilotdan başqa, Braziliyanın D seriyasında çıxış edən “Palmas” klubunun prezidenti və dörd futbolçusu olub. Onların hamısı qəza zamanı həlak olublar.
Qeyd edilir ki, təyyarə səmaya qalxdıqdan dərhal sonra uçuş zolağı yaxınlığında qəzaya uğrayıb.
"Palmas" həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verib. Komanda sabah səfərdə “Vila-Nova” klubuna qarşı oynamalı idi.