BAKI, 22 yanvar — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə yanvarın 18-dən tətbiq edilən yumşaldılmaları bəzi vətəndaşlarımız yanlış anlayıblar.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılmış xüsusi postlarda hərbi qulluqçuları və polis əməkdaşları nəzarət-profilaktiki yoxlamaları davam etdirirlər.
Yanvarın 21-də postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 1 nəfər barəsində inzibati həbs, 1677 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Eyni zamanda ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıb. Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
DİN vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edib.