BAKI, 22 yanvar — Sputnik. "Tövsiyəmiz ondan ibarətdir ki, fiziki tərbiyə dərslərinin keçirilməsində fiziki təmasların çoxluğu nəzərə alınaraq bu dərslərin əyani keçirilməsi dayandırılsın".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin Təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib. Onun sözlərinə görə, yoluxma ehtimalına görə fiziki tərbiyə dərslərinin əyani formada keçirilməsi müvəqqəti dayandırılır.
V.Yaqublu məktəblərdə mərhələli təhsilə başlanıldıqdan sonra virtual dərslərin davam etdirilməsi və teledərslərin keçirilməsi məsələsinə də toxunub. O bildirib ki, övladını əyani təhsilə göndərməyən valideynlər uşaqların teledərsləri izləməsini təmin etməlidirlər: "Qeyd edim ki, əgər valideynlər fevralın 1-dən övladlarını məktəbə əyani təhsilə göndərməyəcəklərsə, bu zaman onların təhsili ilə bağlı məsuliyyəti də öz üzərlərinə götürürlər".
Təhsil naziri Emin Əmrullayev isə əlavə edib ki, valideynlər uşaqlarını məktəblərə göndərməkdən ehtiyat edirlərsə, teledərslərdən faydalana bilərlər. Nazir təhsil ilinin sonuna kimi teledərslərin davam etdiriləcəyini bildirib.