İbrahim Həşimov, Sputnik Azərbaycan
BAKI, 20 yanvar - Sputnik. 20 Yanvar faciəsinin qurbanları Şəkidə də böyük ehtiramla yad edilibər. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, səhər saatlarından rayon sakinləri pandemiya qaydalalarını qorumaqla Şəhidlər xiyabanını ziyarət ediblər. Sakinlər əvvəlki illərdən fərqli olaraq bu il şəhid məzarlarını başıuca və alnıaçıq ziyarət etdiklərini bildiriblər. Buna səbəb kimi isə 44 günlük müharibədə şəhidlərimizin qisasının alınmasını göstərirlər.
Rayon sakini Arifə Rəfiyeva Sputnik Azərbaycan-a bildirib ki, hər il Şəhidlər xiyabanını ziyarət edir: “Burada uyuyanlar bizim müstəqilliyimiz üçün canlarından keçiblər. Şəxsən mən hər il həyat yoldaşımla birgə buraaya gəlirəm. Şəhidləri yad etmək bütün vətəndaşların borcudur”.
Qardaşı Birinci Qarabağ müharibəsində itkin düşən Lətafət Cabbarova isə hər il olduğu kimi bu gün də nəvələri ilə birlikdə Şəhidlər xiyabanına gəlib. O da buraya üz tutduqda xeyli təsəlli tapdığını deyir: “Buradakı şəhidlərin arasında adı olub, özü olmayan Etibar Səmədov mənim qardaşımdır. Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. Buraya tez-tez gəlirəm. Buraya gələndə təsəlli tapıram. Həmçinin, yeni salınmış şəhidliyə də tez-tez baş çəkirəm”.
Havanın qeyri-sabit, şaxtalı və çovğunlu olması da sakinlərin Şəhidlər xiyabanını ziyarət etməsinə mane ola bilməyib. Rayon sakini Bəhram Nurəhmədoğlu da yağıntılı havada şəhidlərin uyuduğu bu yerə ziyarətə gələnlərdəndir: “Buradakı şəhidlər müstəqilliyimiz, azadlığımız üçün canlarından keçiblər. Onları daim yad eləmək hamımızın borcudur. Buna istər yağış, istər qar, istərsə də hər hansı vasitə mane ola bilməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Hazırda da Şəhidlər xiyabanına axın davam edir.