CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəb, vaksinasiya, metro və borclar: milyon yarım şagirdlə bağlı nə qərar veriləcək?

© Sputnik / Murad Orujov20 nömrəli məktəbdə tədris prosesi
20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 22-də keçiriləcək brifinqdə təhsil naziri Emin Əmrullayev təhsilin növbəti aylardakı fəaliyyəti ilə bağlı açıqlama verəcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanın COVID-19 əleyhinə vaksinasiyaya başlaması ənənəvi təhsilin bərpasına ümid yaradıb. Bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, peyvənddən sonra məktəblərin açılması ilə bağlı müəyyən addımlar atılacaq. Onun sözlərinə görə, məktəblərdə ənənəvi təhsilin bərpası nəzərdə tutulur.

Телеурок, фото из архива - Sputnik Azərbaycan
ELM
Müharibə bitib, problem isə həll olunmayıb - heç pulsuz paket də köməyə çatmır

Sputnik Azərbaycan peyvənddən sonra təhsilin hansı formada bərpa olunacağını araşdırıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, yanvarın 22-də keçiriləcək brifinqdə təhsil naziri Emin Əmrullayev təhsilin növbəti aylardakı fəaliyyəti ilə bağlı açıqlama verəcək.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID-19 əleyhinə vaksinasiyaya cəlb edilən risk qrupunda təhsil işçiləri də var. Təhsil işçilərinin peyvənd olunması isə ənənəvi tədrisin bərpası yönündə atılmış addımdır: "Ölkəmizdə vaksinasiyadan sonra məktəblər hibrid formada, həftədə bir neçə gün olmaqla açıla bilər. Amma düşünürəm ki, ənənəvi dərslərdə iştirak etmə könüllü olmalıdır. Virusa yoluxmadan narahat olanların və səhhətində problem olanların dərslərdə iştirak etməsi məcburi yox, könüllülük prinsipi əsasında təşkil ediləcək".

K.Əsədov deyir ki, məktəblər açılan kimi birinci yarımil üzrə məktəbdaxili qiymətləndirilmənin həyata keçirilməsi mümkün deyil: "Birinci yarımil üzrə məktəbdaxili qiymətləndirilmə həyata keçirilməyəcək. Çünki 1,6 milyon şagirdi qısa müddətdə bu prosesə cəlb etmək mümkün deyil. Birinci yarımil yanvarın 27-də başa çatır. Çox güman ki, şagirdlərin biliyi ikinci yarımilin sonunda qiymətləndiriləcək. Bu isə yekun qiymət olacaq".

Ekspert bildirir ki, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin də qismən və mərhələli şəkildə açılması mümkündür:

"Nəzərə almaq lazımdır ki, 1-ci kurs tələbələri ümumiyyətlə təhsil müəssisələrinə getməyiblər. 4-cü kursların isə pedaqoji, istehsalat təcrübələri var. Eyni zamanda, bəzilərinin akademik borcları yaranıb. Bütün bu problemlər bu semestr həll olmalıdır. 4-cü kurs tələbələrinin diplom işləri, buraxılış işləri var. Onlar magistratura pilləsinə qəbul imtahanı verəcəklər. Ümumiyyətlə, bütün kurslar üzrə tədrisin bərpa edilməsi istiqamətində addım atılması mümkündür".

Tədris bərpa olunsa belə, ekspert orta və ali məktəblərdə yaşı 65-dən yuxarı olan şəxslərin dərslərə buraxılmasının riskli olduğunu söyləyir: "Ənənəvi təhsil bərpa edilərkən yoluxma sayının artmaması üçün metronun fəaliyyəti bərpa edilməlidir. Məktəblərdə azı 1 giriş və 1 çıxış qapıları müəyyən edilməlidir. Şagirdlərin qoruyucu maskadan istifadə etməsi məcburi olmalıdır. Müəllimlər də sanitariya qaydalarına riayət etməli, məktəblərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır. Hibrid formada tədris bərpa olunandan sonra dərslərin müddəti azaldıla bilər. Əsas fənlər ənənəvi, digər fənlər onlayn qaydada həyata keçirilməlidir. Xüsusilə ibtidai sinif şagirdlərinə Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri hər gün tədris edilməlidir. Digər fənlər isə onlayn rejimdə keçirilməlidir".

Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi  - Sputnik Azərbaycan
CƏMİYYƏT
SMS-icazə sistemi ləğv edilə, məktəblər mərhələli açıla bilər

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ənənəvi təhsilin bərpasına tələsmək olmaz: "Koronavirus yayılan kimi ilk olaraq məktəblər bağlandı. Bu, səbəbsiz deyildi. Çünki təhsil müəssisələri virusun yayılması üçün ən böyük risk məkanları sayılırdı. Ona görə də biz ənənəvi təhsili bərpa etməyə tələsməməliyik. Vaksinasiya hər iki risk qrupu üzrə başa çatdıqdan və müsbət nəticə əldə edildikdən sonra məktəblərdə ənənəvi təhsilə mərhələli şəkildə başlamaq olar. Mənim fikrimcə, məktəblərdə tam ənənəvi təhsilə keçmək düzgün olmaz. Məktəblərdə dərslər hibrid formada təşkil edilməlidir".

Qeyd edək ki, artıq Rusiyada orta məktəblərdə ənənəvi təhsil bərpa olunub. Türkiyədə isə yaxın vaxtlarda təhsilin hibrid formada bərpası nəzərdə tutulur.

Xəbər lenti
0