BAKI, 16 yanvar — Sputnik. Fevral ayının 1-dən yaşı 65-dən yuxarı şəxslərin də koronavirusa görə vaksinasiyasına başlanılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verilib. Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib ki, Azərbaycanda Çin istehsalı olan Sinovac vaksinindən istifadə ediləcək: "Vaksinlər adətən, iki mərhələdə vurulur. Azərbaycan vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində "Sinovac" şirkətinin 2 milyon doza "CoronaVac" vaksinini alacaq. Eyni zamanda "Sinovac" şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. "Sinovac" şirkətinin "CoronaVac" vaksini 91.25 faiz effektivdir".
TƏBİB-in department müdiri Yaqut Qarayeva bildirib ki, vaksin vurduran insan yaxınları üçün təhlükəli ola bilməz. Amma vaksinasiya prinsipinə görə, vaksin olunduqdan bir müddət sonra orqanizmdə immunitet yaranır: "Vaksin 2 dozadan ibarət olacaq. Birinci dozadan sonra yoluxan insan xəstəliyi yüngül keçirə bilər. İstənilən halda vaksinasiya olunan şəxs belə, özünü qorumalı, gigiyena qaydalarına riayət etməlidir. Əgər normal həyatımıza qayıtmaq istəyiriksə, eləcə də məktəblərin açılması üçün bütün qaydalara riayət etməliyik".