Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 14 yanvar — Sputnik. Koronavirus pandemiyası Azərbaycanda bir sıra sahələrdə yerli istehsalın zəruriliyini ortaya çıxardıb. Həmin dövrdə ölkəmizdə tibbi maska istehsal edən zavodların açılması pandemiyaya qədər bu sahələr üzrə istehsalın aparılmasının nə qədər vacib olduğunu bir daha göstərmiş oldu. Pandemiya dövründə daha bir çatışmazlıq dərman vasitələri ilə bağlı yarandı. Koronavirus xəstələrinin müalicəsində istifadə edilən, eləcə də adi qan durulducu dərmanların qəhətə çəkilməsi ölkəmizdə həyatı vacib dərmanların istehsalına başlamağın vaxtı çatdığından xəbər verdi. Pandemiya dövrü göstərdi ki, Azərbaycanda dərman vasitələrinin istehsalı ilə bağlı sözdən əməli tədbirlərə keçməyin vaxtı çoxdan çatıb. Sputnik Azərbaycan ölkəmizdə dərman vasitələrinin istehsalının ləngimə səbəblərini araşdırıb.
Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Sputnik Azərbaycan-a açıqlamasında ölkəmizdə dərman istehsalının vacib amil olduğunu, pandemiya dövründə isə bu məsələnin daha qabarıq formada bir problem kimi özünü göstərdiyini söyləyir:
"Pandemiya dövründə koronavirus xəstələrinin spesfik müalicəsində istifadə edilən dərmanların satışında yaranan problemlə bağlı müraciətimiz eşidildi. Özəl sektora şərait yaratmaq lazımdır ki, hamısı rahat şəraitdə dərman alıb ölkəyə gətirsin. Rəqabət şəraitində qiymət də ucuzlaşacaq. Hər bir vətəndaş üçün belə halda dərman əlçatan olacaq. Bu dərmanların hamısını dövlətin öz üzərinə götürməməlidir.Bu halda həm dövlət özü yüklənir, həm də çətinliklər yaranırdı".
M. Quliyev deyir ki, Azərbaycanda dərman istehsalına başlanacaq. Çünki hər bir ölkənin özünün dərman istehsalı üçün imkanları olmalı və bu imkanlar yaradılmalıdır. Azərbaycanda da bu istiqamətdə siyasət aparılır. Pirallahıda şpris istehsalı zavodu fəaliyyətə başlayıb. Ölkədəki şprisə olan tələbatın yarıdan çoxunu bu zavod ödəyəcək:
"Çox keyfiyyətli şprisləri var. Demək olar ki, ölkəyə gətirilən şprislərdən də keyfiyyətlidir. Eyni zamanda Pirallahıda iki dərman zavodu da tikilir. Yəqin ki bu ilin sonuna qədər onlardan biri fəaliyyətə başlayacaq. Bundan başqa bu sahədə digər layihələr də nəzərdə tutulur. Burada dövlət və özəl sektorun əməkdaşlığı şəraitində zavodlar fəaliyyətə başlayacaq".
Deputatın sözlərinə görə, şübhəsiz ki, bizim ehtiyacımız olan bütün dərmanlar ölkəmizdə istehsal olunmayacaq. Dünyada da belə təcrübə yoxdur ki, bir dövlət ancaq özü dərman istehsal etsin, heç yerdən də dərman almasın. Dərman istehsalı özü bahalı bir prosesdir. Ölkə hər hansı dərmanı başqa ölkədən ixrac etməyəcəksə, bu adətən səmərəli olmur. Burada həm də biznes tərəfi düşünülür ki, biz həmin dərmanı başqa hansı ölkələrə sata bilərik. Bu da dərmanın qiymətindən və keyfiyyətindən asılı olan məsələdir.
O ki qaldı pandemiya dövründə bəzi dərmanların dəfələrlə baha qiymətə satılmasına, Musa Quliyev deyir ki, bu, çox ciddi qanun pozuntusudur, möhtəkirlikdir:
"Azərbaycan qanunvericiliyinə görə dərmanların qiyməti dövlət qurumu olan Tarif Şurası tərəfindən tənzimlənir. Dərman strateji məhsuldur. Onun dövlətin müəyyən etdiyi qiymətdən baha və ucuz satılması qanun pozuntusudur".
Professor Adil Qeybulla bildirir ki, Azərbaycanda dərman istehsalına ehtiyac var. Amma bunun üçün böyük dərman şirkətləri ilə əməkdaşlıq qurulmalıdır. Bu işə ilk növbədə dərman istehsalı ilə məşğul olan mütəxəssislər cəlb olunmalıdır. Ən azından ilkin variantda ölkəmizdə sadə dərmanlar istehsal oluna bilər:
"lkin olaraq antibiotiklərin bəzilərini istehsal edə bilərik. Dərman istehsalı asan başa gələn iş deyil. Türkiyədə antibiotikləri alıb tozunu qablaşdırırdılar. Biz də istehsala bu cür başlaya bilərik".
A. Qeybulla dərman zavodlarını açmaqla yanaşı kadr məsələsinin də həll edilməli olduğunu söyləyir: "Təəssüf ki, dərman sahəsində ixtisaslı kadr sarıdan bizdə vəziyyət ürəkaçan deyil. Ölkəmizdə bunun üçün kimyaçı və texnoloqlar olmalıdır. Əks halda belə kadrlar xaricdən gəlməlidir. Bütün bunlar dərman istehsalında istehsal xərcini artırır. Nəzərə almaq lazımdır ki, sovet dövründə də bizdə dərman zavodları olmayıb. Bir farm şirkətində "Leyner" mazı kimi məhsullar istehsal olunurdu".
Qeyd edək ki, Pakistanın əczaçılıq şirkətləri Azərbaycanda istehsal müəssisələri yaratmağı planlaşdırır. Bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə İslamabad Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüşü zamanı deyib. O bildirib ki, Azərbaycan və Pakistan əczaçılıq sənayesinin inkişafı üçün böyük potensiala malikdir:
"Azərbaycan və Pakistan həmişə siyasi sahədə gözəl münasibətlərə malik olub. Amma ticari-iqtisadi əlaqələrə lazımi səviyyədə olmayıb. Ona görə də ticarət münasibətlərinin inkişafına diqqət vermək lazımdır. Bu, hər iki ölkənin iqtisadiyyatı üçün səmərəli nəticələr verəcək. Dünyada koronavirusun yayılması ölkələrimiz arasında ticarət fəallığının azalmasına səbəb oldu, amma pandemiyadan sonra ikitərəfli ticarətin artacağı gözlənilir".
Öz növbəsində İslamabad Ticarət-Sənaye Palatasının rəhbəri Sərdar Yasir İlyas Xan bildirib ki, çoxsaylı keyfiyyətli Pakistan məhsulları, o cümlədən əczaçılıq preparatları, kosmetika, cərrahlıq alətləri, idman malları, yemək avadanlıqları, elektrik avadanlıqları, tekstil və dəri məmulatları,mebel, qida məhsulları, meyvə, düyü Azərbaycanda da istehlak olunur və bu, həmin məhsulların ixracının artmasına kömək edə bilər.