Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 12 yanvar — Sputnik. Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında ötən gün baş tutan görüşə diqqət olduqca böyük idi. Belə ki, Azərbaycan və Ermənistan liderləri Vətən Müharibəsindən sonra ilk dəfə idi ki, görüşürdürlər. Bu həmçinin onların demək olar ki, son bir ildə (sonuncu dəfə onlar Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşmüşdülər) ilk canlı görüşü idi.
Rusiya mətbuat bu görüşün Rusiya Prezidenti Vladimir Putinin ev sahibliyi etdiyi ilk beynəlxalq tədbir olduğuna diqqət çəkib. Dörd saata yaxın davam edən üçtərəfli görüşdən sonra mətbuata verdiyi bəyanatda Vladimir Putin, bunu son dərəcə vacib və faydalı hesab etdiyini qeyd edib. Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyev isə öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını və gələcək barədə düşünməli olduqlarını xüsusilə vurğulayıb. O qeyd edib ki, bizim regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi.
Azərbaycan-Rusiya-Ermənistan liderləri, həmçinin birgə bəyanat da imzalayıblar. Bəyanata əsasən regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.
Sputnik Azərbaycan Moskvada üçtərəfli görüşün yekunları barədə Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Arzu Nağıyevlə həmsöhbət olub.
Arzu Nağıyev qeyd edib ki, Moskvada baş tutmuş görüş Azərbaycanın mövqeyinin nədən ibrət olduğunu dünyaya bir daha göstərmək üçün yaxşı fürsət idi:
"Bu görüş olduqca mühüm idi. Cənab Prezidentin də qeyd etdiyi kimi biz münaqişənin müharibə mərhələsini artıq geridə qoymuşuq. Artıq quruculuq işlərinə başlamaq vaxtıdır. İşğaldan azad olunan ərazilərimizdə kommunikasiya və nəqliyyat xətlərini yenidən bərpa etməyin, bununla paralel olaraq, Ermənistan da daxil olmaqla regional dövlətlərin iştirakı ilə mühüm kommunikasiyaların açılması istiqamətində addımların atılmasının vaxtıdır. Yəni bir daha göstərdik ki, biz humanist addımlar ataraq artıq iqtisadi proseslərin başlanması üçün öz əlimizi bütün qonşu ölkələrə uzadırıq. Bu, bizim mövqeyimizdir".
Deputat qeyd edib ki, imzalanan bəyanatda Azərbaycanın dediyi kimi, status məsələsi haqda heç bir kəlmə yoxdur və əsas diqqət nəqliyyat yollarının açılmasına yönəldilir.
Rusiyanın sərgilədiyi mövqeyə toxunan Nağıyev qeyd edib ki, görüş zamanı Rusiya tərəfi regionda sülhməramlı qüvvələrin vacibliyi və onların gördüyü işlər barədə məlumat verib:
"İlham Əliyev və Vladimir Putinin çıxışlarında səslənən fikirlər, regionda yaranmış yeni reallıqlar və imkanlar Rusiya ilə Azərbaycanın münasibətlərin inkişafına daha da təkan verəcək".
Arzu Nağıyev xüsusi ilə qeyd edib ki, Ermənistan tərəfi yenə də öz ambisiyalarından əl çəkmir:
"Münaqişənin bitməsinə baxmayaraq, yenə də Qarabağın "statusu"ndan danışır. Paşinyanın "status"la, münaqişənin hələ bitməməsi haqda bəyanatını daha çox Ermənistanın daxili auditoriyasına yönəlmiş mesaj kimi şərh etmək daha doğru olardı."
Əsir və girovların dəyişdilməsinə gəldikdə isə deputat vurğulayıb ki, 10 noyabr tarixində imzalanan bəyanatdan sonra orada hansısa əsir və ya girovdan söhbət gedə bilməz. Hadrut istiqamətində ələ keçirilən şəxslər məhz terrorçu və diversantlardır.
Regionda nəqliyyat dəhlizlərin açılmasına toxunan deputat xatırladıb ki, hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz çıxışında gələcəkdə Qafqaz Platformasının yaradılmasını təklif edib:
"Aydındır ki, həm Azərbaycan – Naxçıvan istiqamətində, həmçinin Azərbaycandan keçərək Ermənistana nəqliyyat dəhlizlərin açılması Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün olduqca vacib məsələdir. Azərbaycan cənab Prezidentin simasında bütün dünyaya göstərdi ki, biz artıq sülh üçün, iqtisadi problemlərin aradan qaldırılması üçün hazırıq".