BAKI, 8 yanvar — Sputnik. Birləşmiş Ştatların nüvə üzrə razılaşmaya qayıtması İran üçün əhəmiyyətli deyil, sanksiyaların ləğvinin əhəmiyyəti var. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İranın dini lideri Əli Xamenei bildirib.
"Biz ABŞ-ın nüvə razılaşmasına qayıtmasına təkid etmirik, bununla bağlı tələsmirik. ABŞ-ın razılaşmaya qayıdıb-qayıtmayacağı bizim işimiz deyil. Bizim tələbimiz sanksiyaların ləğvidir. Bu İran xalqı tərəfindən qazanılan haqdır", - Xamenei müraciətində deyib.
O qeyd edib ki, Vaşinqtonun nüvə razılaşmasına qayıtmasının yalnız sanksiyaların ləğvi zamanı bir mənası olacaq.
Onun sözlərinə görə, ABŞ və Avropa ölkələri İrana bu haqqı təmin etməlidir, nüvə razılaşmasının tərəfləri onu əməl etmədikdə Tehranın da öz öhdəliklərini yerinə yetirməsinin bir mənası qalmır.