CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Unikal rəsmlərin müəllifindən maraqlı etiraflar

© Photo : Courtesy of Aynura HashimovaAynurə Həşimova
Aynurə Həşimova - Sputnik Azərbaycan
Abunə olmaq
"Xarici ölkələrdə yaşayan zəngin insanlar həmişə çalışırlar ki, evlərində rəsm əsərləri olsun. Bir növ bunu dəb halına gətiriblər. Buna görə də rəssamları həvəslə çalışır. Təəssüf ki, bizdə bu yoxdur. Evinə bahalı əşyalar alarlar, amma rəsm əsəri almazlar".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Aynurə Həşimova - Rəssam, sənətşünaslıq və pedoqogika üzrə fəlsəfə doktoru. 1999-cu ildən 2015-ci ilə qədər dövlət uşaq rəsm qalereyasının rəhbəri olub. 2015-ci ildən 2017-ci ilə qədər Bakı şəhər Yaradıcılıq mərkəzinin diretoru vəzifəsində çalışıb. Hazırda Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışır. Uzun illər uşaqlarla çalışan rəssam xanım son illər bu fəaliyyətinə ara verib, yolunu elm sahəsində davam etdirir. Bir çox elmi məqalələrin və monaqrafiyanın müəllifi olan Aynurə xanım bir çox xarici ölkələrdə təşkil olunan sərgidə iştirak edib. Özü və yaradıcılığı haqqında Sputnik Azərbaycan-a danışan rəssam xanım bildirir ki, xarici ölkələrdə təşkil olunan sərgilərdə özünün əsərləri ilə yanaşı, yetişdirdiyi tələbələr də mükafatlar əldə ediblər:

"Tələbələrim xarici ölkələrdə iştirak etdikləri sərgilərdə qızıl, gümüş, bürünc mükafatlar qazanıblar. Bəzən valideynlər bunun mahiyyətini dərk eləmirlər. Təbii ki, istisnalar var, övladının uğuruna sevinənlər də var, qiymətləndirənlər də var. Amma bəzən görürsən ki, valideyn bunun necə böyük mükafat olduğunun fərqində deyil".
© Photo : Courtesy of Aynura HashimovaAynurə Həşimovanın əl işi
Unikal rəsmlərin müəllifindən maraqlı etiraflar - Sputnik Azərbaycan
Aynurə Həşimovanın əl işi

Ömrünün 17 ilini uşaqlara sərf edən Həşimova bildirir ki, uşaqlar onun yaradıcılığına başqa bir rəng qatıb:

"Bəzən görürsünüz ki, rəssamlığa gələn uşağın ilk addımlarından onun gələcəyin məşhur bir rəssamı olacağı hiss olunur. Amma bəzən də zamanla onun daxili dünyasını kəşf edirsən. Ən vacib məsələ inamdır - valideyinin uşağına inamı. Bu, ən vacib məsələdir. Uşağın çəkdiyi rəsmi cırıb atmaq olmaz, əksinə bunu dəyərli bir iş kimi qiymətləndirmək lazımdı. Müəllimin də çiyninə yük düşür. Çünki, müəllim də valideynlə bərabər rəssamlığa ilk addımlarını atan uşaqda həvəs oyatmalıdır. Bəzən dəcəl şagirdi belə həvəsləndirməklə rəssam etmək olar. Amma rəssamlıqda ən vacib şərt səbir".

Aynurə xanımın sözlərinə görə, rəssam hər gün azı 1-2 saat rəsmlə məşğul olmalıdır ki, korşalmasın: "Mənim müəllimin Xalq rəssamı Kamil Nəcəfzadə olub. 90-a yaxın yaşı var idi mənə dərs deyəndə. Deyirdi mən hər gün bu işlə məşğul oluram. Bir gün əlimə fırça almayanda sanki özümü paslanmış kimi hiss edirəm. Mən onun bu tövsiyyəsini özümdə rəhbər tuturdum, öz tələbələrimə də tövsiyyə edirdim".

Rəssam xanımı daha çox mifoloji və tarixi janr cəlb edir. Bununla bağlı elmi məqalələri də var. Bundan başqa, natürmort və peyzaj janrını da sevir.

"Bəzən rəssamlar 1 janra üstünlük verirlər. Amma məndə çoxşaxəlidir. Bu da ondan irəli gəlir ki, mən uzun illər uşaqlarla işləmişəm. Ə. Əzimzadə adına texnikuma daxil olanda 13 yaşım var idi. 17 yaşımda bitirdim və pedoqoq kimi fəaliyyət göstərdim", - deyir.

© Photo : Courtesy of Aynura HashimovaAynurə Həşimovanın əl işi
Unikal rəsmlərin müəllifindən maraqlı etiraflar - Sputnik Azərbaycan
Aynurə Həşimovanın əl işi

İllərin peşəkarı gənc həmkarlarına tövsiyyələrini də verir: "Ümumiyyətlə gənc rəssamlara da tövsiyyəm odur ki, hansısa tarixi şəxsin - bu şəhid də ola bilər, siyasi lider də ola bilər, onun portretini işləyən zaman onun nüsxəsini hazırlamasınlar, ona bir az bədiilik qatsınlar. Mən əsərlərimdə buna diqqət edirəm. Tarixi şəxsiyyətləri çəkəndə onları geniş araşdırıram ki hansısa səhvə yol verməyim. Yaxşı olar rəssamlar da bu nüanslara fikir versinlər".

Hər bir insanın formalaşmasında mühitin və boya-başa çatdığı ailənin böyük rolu var. A. Həşimovanın rəssam kimi püxtələşməsində atasının böyük rolu olub:

"Atam mən uşaq olanda hər sadə sualıma da cavab verirdi. Məni parka aparırdı oradakı hər ağac haqqında mənə geniş məlumat verirdi. Buludları göstərirdi "bax qızım, buludlar nəyə bənzəyir?" Deyirdi buluda elə-belə baxma.

Atam 3 yaşımda çəkdiyim rəsmləri yığıb saxlayırdı. Albom hazırlamışdı. Ora tarixləri də qeyd edirdi. Gələn qonaqlara da fəxrlə göstərirdi. Bu da məndə stimul yaradırdı.Bəzən şagirdlərimin valideynlərinə sual verirdim "siz uşağın cızma-qarasını nə edirsiz?" Deyirlər heç nə, zibil yeşiyinə atırıq. Deyirdim "siz onu atmayın, cızma-qaradan da dahi bir insan yetişə bilər". Dahi rəssamlar etiraf edirlər ki, uşaqların rəsmlərindən ideya götürmüşük. Çünki, uşaq aləmi tamamilə başqadır".

© Photo : Courtesy of Aynura HashimovaAynurə Həşimovanın əl işi
Unikal rəsmlərin müəllifindən maraqlı etiraflar - Sputnik Azərbaycan
Aynurə Həşimovanın əl işi

Qəhrəmanımız deyir ki, yaratdığı hər əsər ona doğmadır: "Bu vaxta qədər əsərlərimin satışını təşkil etməmişəm. sərgilərdə bəyənib alanlar var. Peyzaj və natürmort janrında olan əsərlərimi sata bilərəm, amma elə əsərlərim var ki, onları heç vaxt satmaram. Mifolologiya və tarixi janrda çəkilən əsərlərimi heç vaxt satmaram. Çünki, onların qiyməti yoxdur. Onların təkrarı da ola bilməz, çalışsam da alınmaz".

"Xarici ölkələrdə yaşayan zəngin insanlar həmişə çalışırlar ki, evlərində rəsm əsərləri olsun. Bir növ bunu dəb halına gətiriblər. Buna görə də rəssamları həvəslə çalışır. Təəssüf ki, bizdə bu yoxdur. Evinə bahalı əşyalar alarlar, amma rəsm əsəri almazlar. Ümid edirəm ki, zaman keçdikcə, bizim insanlar da evlərinə bahalı büllur, mebel əvəzinə, tablo alarlar".
© Photo : Courtesy of Aynura HashimovaAynurə Həşimovanın əl işi
Unikal rəsmlərin müəllifindən maraqlı etiraflar - Sputnik Azərbaycan
Aynurə Həşimovanın əl işi

 

İnsanın formalaşmasında genetik faktorun da böyük rolu var. Əslən Qaxın İlisu kəndindən olan Aynurə xanımın rəssamlığa olan marağının kökünü qardaşı Abiddin Həşimov belə izah edir:

"İlisu kəndində nəsillər var. Bizim də nəslimizə "Kubaçı uşağı" deyirlər. Kubaçılar da Dağıstan ərazisində yaşayan tayfa olub. Bu barədə dəqiq məlumat yoxdur. Amma bir məsələ var ki, onlar da gümüş ustaları olublar. Gümüşdən məmulatlar hazırlayıblar. Hərdən fikirləşirəm ki, ola bilsin, genlə gəlib. Çünki, onlar bu sahədə 2-ci yerdədir. Birinci yerdə isə italiyanlardır. Həmin kubaçılar vaxtı ilə məşhur qılınc-qalxan düzəldənlər olub. Bir müddət öncə Tarqovıda bir gümüş mağazasında italyan gümüşü ilə onların gümüşünü yan-yana gördüm. Gördüm "kubaçı gümüşü" yazılıb. Rəhmətlik qardaşım Elxan Həşimov da rəssam idi. Atam bu sahənin adamı olmasa da, çox maraqlı rəsmlər çəkirdi. Mənim övladlarımın da böyük həvəsi var bu sahəyə".

Xəbər lenti
0