İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 7 yanvar — Sputnik. "Mənim övladım ailədə heç bir zorakılığa məruz qalmayıb. O, üç övladımdan ən kiçiyidir və kiçik olduğu üçün ən sevimlimdir".
Bu barədə Sputnik Azərbaycan-a bir neçə gün öncə itkin düşdüyü elan edilən və Sabunçu rayonu ərazisində tapılan 12 yaşlı Ləman Şahbazovanın anası Elnarə Şahbazova məlumat verib.
O bildirib ki, bəzi kütləvi informasiya vasitələrində qızının ailədə zorakılığa məruz qalması ilə bağlı məlumatlar yer alsa da, bu məlumatlar əsassızdır.
"Biz Nizami rayonu ərazisində yaşayırıq. Mən məktəbdə işləyirəm, qızım da həmin məktəbdə oxuyur. Ləman mənim həyatımdır. Mən ona qarşı necə zorakılıq edə bilərəm? Sadəcə bayramı nənəsigildə keçirmək üçün Zabrata getmişdi. Oradan çörək almağa çıxıb. Yolda rəfiqəsinə zəng edib və onlara gedib. Və rəfiqəsinin ailəsi iki gün keçməsinə baxmayaraq, bizə xəbər etməyib ki, qızın bizdədir. Biz də ona görə polisə müraciət etmişik".
E.Şahbazovanın sözlərinə görə, hazırda ailədən şikayət etməyi düşünür.
Xatırladaq ki, Ləman Şahbazova Bakının Sabunçu rayonunda tapılıb. Nizami rayonu ərazisində yaşayan 12 yaşlı L.Şahbazova 2021-ci il yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmamışdı.