Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda koronavirusa görə vaksinlərin alınıb ölkəyə gətirilməsində özəl sektora da şərait yaradılmalıdır. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. O bildirib ki, hər şeyi dövlət öz üzərinə götürməli deyil: "Strateji məsələlərdə, təbii ki, dövlətin tənzimləyici rolu çox mühümdür.
M.Quliyev həmçinin bildirib ki, vaksinlərin ölkəmizə alınıb gətirilməsi üçün qeydiyyat və sənədləşmə məsələləri də sadələşdirilməlidir:
"Vaksin dərman vasitəsidir. Onun ölkəyə gətirilməsi üçün müəyyən sənədləşmə işi aparılmalıdır. Bu qeydiyyat prosedurunu dövlətin müvafiq qurumları sadələşdirməlidir ki, özəl sektor da qısa müddətə vaksin gətirə bilsin".
Deputatın sözlərinə görə, Azərbaycana 4 milyon doza vaksin gətiriləcək və bütövlükdə vaksinasiya dövrü fevral ayından gec olmayaraq başlayacaq.
Qeyd edək ki, bu gün koronavirusa görə vaksinlərin alınması ilə bağlı məsələlərə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı da toxunub: "Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq".