BAKI, 6 yanvar - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan-İğdır qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi barədə qərar verib.
Sputnik Türkiyə xəvər verir ki, bu barədə qərar Türkiyənin “Rəsmi Qəzeti”ndə dərc edilib.
Xatırladaq ki, dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.
Anlaşma Memorandumuna əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.
İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək. Boru kəmərinin İğdırdan Naxçıvana - Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri ilə illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.