BAKI, 6 yan — Sputnik. ABŞ-ın Milli İncəsənət Akademiyası Kaliforniyadakı ağır epidemoloji vəziyyət fonunda "Qremmi" mükafatlarının təqdimatı mərasimini təxirə saldı.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Rollinq Stoun" jurnalı öz saytında məlumat verib.
63-cü "Qremmi" 31 yanvarda baş tutmalı idi. Yeni koronavirusun Kaliforniyada yayılması ilə əlaqədar vəziyyətin ağırlaşması fonunda təşkilatçılar mərasimi ən azı bir ay təxirə salma qərarına gəldilər. Yeni tarix hələ açıqlanmayıb, lakin mərasimin mart ayında keçirilməsi planlaşdırıldığı məlumdur.
Noyabr ayının sonunda təşkilatçılar 84 nominasiya üzrə musiqi mükafatına namizədlər siyahısını açıqlayıblar. Nominasiyalar sayında lider doqquz kateqoriyada mükafata namizəd olan amerikalı müğənni Beyons olub. Müğənnilər Dua Lipa, Taylor Svift və müğənni Roddi Riç hər biri altı nominasiya alıblar.