BAKI, 6 yanvar — Sputnik. Bir müddət öncə dahi Azərbaycan şairi Nəsiminin "Sığmazam" qəzəlinin sözlərinə oxuduğu "Pəncu şeş" adlı qalmaqallı mahnısı ilə gündəmə gələn müğənni Afət Fərmanqızı onu tənqid edənlərə yenidən cavab verib.
Sputnik Azərbaycan xəbər verir ki, ARB telekanalında yayımlanan "Xəbər-Ətər" verilişinin qonağı olan ifaçı sözügedən mahnısı ilə 500 min dollar gəlir əldə etdiyini bildirib.
O, həmin mahnıdan əldə etdiyi pulla son model "Mercedes Gelandewagen" markalı avtomobil aldığını açıqlayıb:
"Bir söz deyəcəyəm, ən gözəl meyar xalqdır. Afət Fərmanqızı fevral ayında o mahnını oxuyub, bir il müddətində 500 min dollar xalqdan pulunu qazanıbsa, bunu mənə başqa xalq etməyib. O pula da avtomobilimi aldım, özüm aldım, xalq aldı. Məni qınayan insan özü məni aparıb, bir ətək pul verib bu mahnını oxudursa, bunu haraya yazaq? Deməli, bunu çoxluq istəyir".
Qeyd edək ki, Afət Fərmanqızının Nəsiminin sözlərinə oxuduğu "Pəncu şeş" adlı mahnısı ictimaiyyətdə birmənalı qarşılanmamışdı. Qəzəli hind musiqisi ilə ritmik sintez edən xanım müğənni davamlı olaraq tənqidlərə tuş gəlirdi.