Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan əsilli Amerika dirijoru: Ən böyük arzum Bakıda çıxış etməkdir

© Photo : Courtesy of Farhad HudyievФархад Худыев
Фархад Худыев - Sputnik Azərbaycan
Abunə olmaq
Sənətin gücünə səmimi qəlbdən inanmaq və bu yolda çəkilən zəhmət – Amerika dirijoru Fərhad Xudiyevin ABŞ-da yüksək zirvələri fəth etməsinə kömək edən əsas amillər bunlar olub. İndi isə onun ən böyük arzusu Azərbaycanda konsert proqramı ilə çıxış etməkdir.

BAKI, 5 yanvar — Sputnik, Kəmalə Əliyeva. 2020-ci ilin dekabrında Azərbaycan əsilli Amerika dirijoru Fərhad Xudiyev ABŞ-da keçirilən Artur Nikiş Beynəlxalq Dirijorlar Müsabiqəsində "Bethoven-250" xüsusi mükafatına layiq görülüb. Musiqiçi Sputnik Azərbaycan-a verdiyi müsahibədə bu qələbəsindən və Azərbaycanda konsert vermək arzusundan danışıb.

– Fərhad, bildiyimizə görə, siz Türkmənistanda anadan olmusunuz, ancaq əslən Azərbaycandansınız. Bu barədə bir qədər geniş məlumat verə bilərsiz?

– Bəli, mən azərbaycanlıyam, Aşqabadda anadan olmuşam. Valideynlərim, nənələrim-babalarım da Aşqabadda doğulublar, amma əslimiz Təbrizdəndir. Sovet İttifaqı dağılana kimi Türkmənistan əhalisi çoxmillətli idi. Burada müxtəlif millətlərin nümayəndələri, o cümlədən, azərbaycanlılar da yaşayırdı. Azərbaycan icması, xüsusən də bizim ailə milli adət-ənənəlimizi, musiqimizi, mətbəximizi qoruyub saxlayıb və bundan sonra da saxlayacaq. Qardaşlarım Eldar və Emillə birlikdə həkim, iqtisadçı, pedaqoq, fizik, mühəndis və yazıçı ailəsində doğulub boya-başa çatmışıq. Onlar musiqini çox sevirdilər və bu sevgini bizə də aşılayıblar. Bizi sülhsevər, bütün dinlərə, böyüklərə, əcdadlarımıza hörmət, təbiətə, həyata və onun dəyərlərinə sevgi ruhunda böyütdükləri üçün onlara minnətdarıq. Böyük qardaşım Eldar Boston konservatoriyasının skripka sinfinin məzunudur, magistr dərəcəsi var, gözəl pedaqoq və klassik, instrumental musiqinin mahir ifaçısıdır. Kiçik qardaşım Emil Yel universitetinin klarnet sinfinin məzunudur, onun da magistr dərəcəsi var. ABŞ-ın dünya şöhrətli Sietl Simfonik Orkestri ilə əməkdaşlıq edən yeganə azərbaycanlıdır. Biz üçümüz də Amerika hökumətinin "Xüsusi qabiliyyətli musiqiçi" mükafatına layiq görülmüşük.

© Photo : Courtesy of Farhad HudyievDirijor Fərhad Xudiyevin ailə fotosu
Azərbaycan əsilli Amerika dirijoru: Ən böyük arzum Bakıda çıxış etməkdir - Sputnik Azərbaycan
Dirijor Fərhad Xudiyevin ailə fotosu

– Nə vaxtsa Azərbaycanda olmusunuz? Əgər olmusunuzsa, nə vaxt? Valideynləriniz sizə Azərbaycanla bağlı nə danışıb?

– Azərbaycanda cəmi bir dəfə, 2009-cu ildə olmuşam. Həmin vaxt bizim ailəmizdə faciə baş vermişdi, atamı itirmişdik. Atamın bizə həmişə Azərbaycan haqqında, bu ölkənin mədəniyyəti, milli xüsusiyyətləri barədə danışdığını nəzərə alaraq, mən həyatımın məhz həmin dönəmində güclü şəkildə öz etnik vətənimə getmək ehtiyacı hiss etdim. Bu fikirlərlə ailəmizi toplayıb onlara Bakıya getməyi təklif etdim. Bizim Azərbaycanda qohumlarımız yoxdur. Sadəcə, on günlüyünə Bakını görməyə getmişdik. Əlbəttə ki, ABŞ-da aldığım təhsil və qazandığım təcrübəni də öz həmvətənlərimlə bölüşmək istəyirdim. Odur ki Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ilə danışdım ki, tələbələrə ustad dərsləri verim. Qalan vaxtımızı isə şəhərdə gəzməklə, tarixi yerlərə baş çəkməklə keçirdik. Bu səfər mənim yaddaşımda ən unudulmaz xatirələrlə qaldı.

– Bir az da özünüz barədə danışardınız... Musiqiçi olmağa necə qərar verdiniz?

– Valideynlərim musiqini çox seviblər, halbuki onların fəaliyyət sahəsi tamam fərqli idi: atam iqtisadçı idi, zərb alətlərində çalmağı bacarırdı, anam isə həkim-kardioloqdur, o da fortepianoda ifa edir. Bizim evlə üzbəüz Respublika Musiqi məktəbi var idi, qardaşım həmin məktəbə gedirdi. Orada sovet dövrünün çox yaxşı pedaqoqları dərs deyirdi. Bu, məni və kiçik qardaşımı da musiqi ilə məşğul olmağa ruhlandırdı. 1998-ci ildə məni Rusiyanın tarixi şəhəri olan Suzdalda "Yeni adlar" beynəlxalq musiqi festivalına göndərdilər. Türkmənistanı təmsil etmək üçün ora yollandım. Bir-iki ildən sonra Şimali Miçiqanda məxsusi olaraq gənc istedadlar üçün keçirilən Interlochen Arts Camp yay festivalından xəbər tutdum. Qardaşımla birlikdə ifamızı lentə aldığımız diski festivala göndərdik və ora dəvət aldıq. Fikirləşdik ki, yayı orada keçirib sonra Aşqabada qayıdarıq. Ancaq təsadüfən gözümüzə Interlochen Arts Academy pansion-məktəbinin reklam bukleti sataşdı. Bu incəsənət məktəbi musiqiçiləri dinləmələrə dəvət edirdi. Həmin vaxt biz ingilis dilində yalnız "thank you" sözünü bilsək də, hər bir halda özümüzü sınamaq qərarına gəldik. Beləliklə, biz bu təhsil müəssisəsinin ilk tükmənistanlı tələbələri olduq. Çoxlu gölləri, meşələri, möhtəşəm təbiəti olan gözəl bir yerdə təhsil alırdıq. Biz hər an musiqi və təbiətlə təmasda idik. Bütün bunlar mənə təsir edib ilhamlandırdı, musiqiçi kimi formalaşmağımda böyük rol oynadı. Biz Miçiqana gedən vaxt mənim 15, qardaşımın isə 14 yaşı var idi. Valideynlərimizdən uzaqda müstəqil yaşamağa başladıq. Bu bizim üçün çətin dəyişikliklər dövrü idi, amma geri çəkilmədik, inkişaf edərək irəli getdik.

© Photo : Courtesy of Farhad HudyievAzərbaycan əsilli Amerika dirijoru Fərhad Xudiyev
Azərbaycan əsilli Amerika dirijoru: Ən böyük arzum Bakıda çıxış etməkdir - Sputnik Azərbaycan
Azərbaycan əsilli Amerika dirijoru Fərhad Xudiyev

– Bəs dirijor olmağa necə qərar verdiniz?

– Dirijorluğa marağım Ohayo ştatının Oberlinsk konservatoriyasında oxuduğum vaxt yarandı. Və incəsənətin bu növünə marağım get-gedə artdı. 2007-ci ildə tərkibində skripkaçı kimi fəaliyyət göstərdiyim trionun beynəlxalq müsabiqədə qalib gəlib kamera musiqisi üzrə qızıl medal alması bu marağı bir az da artırdı. Qazandığımız uğur məni çox ruhlandırmışdı. Konservatoriyaya qayıdandan sonra bir konsertin məşqində skripka müəllimimi dirijor qismində əvəz etməyimi istədilər. O, çiynini zədələmişdi. Sonra onu konsertdə də əvəz etməli oldum. Bu, Dvorjakın "Skripka üçün konserti" idi. Müəllim məşq prosesini izləmişdi, sonra yaxınlaşıb dedi ki, mənimlə ciddi söhbət etmək istəyir. Onun evinə gedəndə bir qədəh şərab süzüb (hərçənd, içən deyiləm) dedi ki, mən mütləq dirijor olmalıyam. Təsəvvür edirsiniz, skripkaçı kimi yenicə ciddi bir müsabiqədə qalib gəlmişəm, həyatda çox şey görmüş musiqi professoru isə məni əmin etməyə çalışır ki, mütləq dirijor olmalıyam! Dedim ki, bu barədə fikirləşərəm və həqiqətən də ciddi-ciddi düşündüm. Bununla yanaşı, gizlicə sənədlərimi "Dirijorluq sənəti" ixtisas üzrə bir neçə təhsil müəssisəsinin aspiranturasına verdim. Müsabiqənin finalçısı kimi məni Yel universitetinin yeganə dirijor yeri üçün dinləməyə dəvət edilər. Bu yer uğrunda bütün dünyadan yüksək səviyyəli musiqiçilər iştirak edirdi. Namizədlərin sayı 20 nəfər idi, hamısı da təcrübəli və adlı-sanlı musiqiçilər. Bununla belə, mən müsabiqənin axırıncı mərhələsinə kimi gedə bildim. Son mərhələdə Yel Filarmoniya orkestrinə dirijorluq etməli idim. Bu mərhələyə 20 nəfərdən cəmi üç nəfər keçə bilmişdi. Orkestrlə məşqdən sonra çamadanımı yığıb artıq yola düşməyə hazırlaşırdım, lakin aeroporta çatanda telefon zəngi məni yolumdan döndərdi. Zəng vuran şəxs seçildiyimi xəbər verdi...

Triodakı fəaliyyətimdən imtina etməli oldum, bu mənim üçün bir o qədər də asan deyildi. Sonra həyatımda yeni mərhələ başladı. Skripka sənətindən dirijorluğa keçidin qeyri-adi məqamlarından biri də artıq formalaşmış daxili aləmimi başqaları ilə necə paylaşacağım idi. Axı fərq böyük idi – biri var özün alətdə tək çalasan, biri də var təxminən yüz nəfəri idarə edib ruhlandırasan. Bu illər ərzində orkestri idarə etməyi, musiqiçiləri ruhlandırmağı, öz dünyamı onlarla paylaşmağı öyrəndim. Bütün bunlar çox vaxt və zəhmət tələb edirdi, amma mən bunun öhdəsindən gələ bildim.

© Photo : Courtesy of Farhad HudyievDirijor Fərhad Xudiyev dostları ilə birgə
Azərbaycan əsilli Amerika dirijoru: Ən böyük arzum Bakıda çıxış etməkdir - Sputnik Azərbaycan
Dirijor Fərhad Xudiyev dostları ilə birgə

– Karyeranızı Amerikada davam etdirməyə necə qərar verdiniz?

– Bu taledir. Mənim həyat yolumun hər günü möcüzə olub. Heç vaxt ağlıma gəlməzdi ki, Amerikada qalaram. Sadəcə olaraq, sənətin gücünə bütün qəlbimlə inanıram və əminəm ki, mənim yoluma işıq salan da məhz bu inam olub.

– Nəzərə alsaq ki, Amerikada musiqiçilərin sayı həddən artıq çoxdur, yəqin orada irəli getmək də çətindir.

– ABŞ-da bütün dünyadan görkəmli musiqiçilər yaşayıb-yaradır. Bu mənada əlbəttə ki, asan olmadı. Amma nəsə asan yolla əldə olunanda bu insan üçün maraqlı və dəyərli olmur.

– Bütün musiqiçilər müəllimliklə məşğul olmur, çünki bu çox vaxt aparır, şəxsi karyeranı ikinci plana atır. Sizcə də bu belədirmi?

– Mənim üçün müəllimlik müqəddəs işdir. Biz əldə etdiklərimizi başqaları ilə bölüşməyi bacarmalıyıq. Müəllimlik də məhz budur – öyrəndiklərini öyrətmək. Bu proses sənəti ruhlandırır, davam və inkişaf etdirir.

– Bu günlərdə "Bethoven-250" beynəlxalq müsabiqəsinin qalibi olmusunuz. Bu mükafatın sizin üçün əhəmiyyəti nədir? Ümumiyyətlə, müsabiqələrdə tez-tez iştirak edirsiniz?

– Bu müsabiqənin mənim üçün əhəmiyyəti böyükdür, çünki dahi Bethovenin adını daşıyır. Behtovenin musiqisinin isə mənim və başqa insanların həyatında böyük rolu olub. Mənə bir sıra beynəlxalq müsabiqələrdə iştirak etmək və qalib gəlmək nəsib olub. ABŞ-da keçirilən "Fişof" müsabiqəsində qızıl medala, Tayvanda keçirilən dirijorların beynəlxalq müsabiqəsində "Ən yaxşı musiqi interpretasiyasına görə" və digər mükafatlara layiq görülmüşəm. Bu, dirijorluq sənətini zənginləşdirməyə imkan verən gözəl təcrübə və dünyanın müxtəlif guşələrindən olan musiqiçilərlə tanışlıq fürsətdir.

© Photo : Courtesy of Farhad HudyievAzərbaycan əsilli Amerika dirijoru Fərhad Xudiyev
Azərbaycan əsilli Amerika dirijoru: Ən böyük arzum Bakıda çıxış etməkdir - Sputnik Azərbaycan
Azərbaycan əsilli Amerika dirijoru Fərhad Xudiyev

– Xaricdə Azərbaycan musiqisini tez-tez ifa edirsiz?

– Valideynlərim hələ lap uşaqlıqdan mənə Azərbaycan musiqisinə sevgi aşılayıblar. Azərbaycan musiqisini çox sevirəm və tez-tez ifa edirəm. 2013-cü ildə məşhur kaman ustası İmamyar Qasımovla və Montrö Gənclər orkestri ilə birlikdə Kaliforniyada Hacı Xanməmmədovun "Kamança üçün konserti"ni ifa etdik. Bu həmin konsertin dünya premyerası idi. 2018-ci ildə isə Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə balaban ustası Nicat Məsimov və məşhur nağara ustası Natiq Şirinovla birlikdə Kaliforniyada Abuzər Manafzadənin "Balaban üçün konserti"ni ilk dəfə ifa etdik. 2019-cu ildə Ostin şəhərində Texas Universitetinin simfonik orkestri mənim dirijorluğumla Qara Qarayevin "İldırımlı yollarla" baletinin ikinci süitasını ifa etdi. Bu konsertlər Azərbaycan musiqisinin ABŞ-da tanınmasına xüsusi töhfə verdi və Amerika ictimaiyyətinin qəlbinə əbədi yer tutdu.

– Bəs Azərbaycanda çıxış etməyi planlaşdırırsınız?

– Mən heç vaxt Azərbaycanda çıxış etməmişəm. Açığı, bu mənim ən böyük arzumdur!

Xəbər lenti
0