BAKI, 4 yanvar - Sputnik. 2021-ci ildə Müstəqil Dövlətlər Birliyinin 30 illiyi tamam olur. Bununla əlaqədar Birlik ölkələrində MDB həftələri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu tədbirlər Belarusun Birlikdə sədrliyi konsepsiyasında nəzərdə tutulub.
MDB həftələri müddətində elmi-praktiki seminarlar, dəyirmi masalar, mədəniyyət və idman tədbirləri keçirilməsi, MDB mövzusuna aid televiziya proqramlarının və Birlik ölkələrində çəkilmiş kinofilmlərin nümayiş etdirilməsi, habelə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması məsələlərinə dair videokonfrans təşkil edilməsi planlaşdırılır.
Yubiley münasibətilə “Birlik -30 il” mövzusunda fotosərgi təşkil ediləcək. Fotosərgi MDB İnformasiya Şurasının üzvü olan ölkələrin dövlət informasiya agentliklərinin internet resurslarında elektron formatda keçiriləcək.
İnteqrasiyanın və tərəfdaşlığın yeni imkanlarına həsr edilmiş dövlətlərarası virtual sərgi təşkil edilməsi də nəzərdə tutulur.