BAKI, 3 yanvar - Sputnik. Goranboyda karantin rejimini pozan daha bir çayxana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Balakürd kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb. Obyekt sahibi və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.