CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əzrayılı iki dəfə aldadan Fariz: "Döyüşə tez dönsün deyə hospitala getmədi"

© Sputnik / Rahim MuradovFariz Zülfüqarzadə
Fariz Zülfüqarzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Ekipaj üzvlərini xilas edən, özü isə tankın içərisində qan itkisindən şəhadətə ucalan qəhrəman tankçımız Fariz Zülfüqarzadənin əziz xatirəsinə...

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 1 yanvar — Sputnik. “O, hətta döyüşə tez dönsün deyə hospitala getməkdən imtina edir. Ona görə də ilkin tibbi yardım alan kimi düşməndən qənimət götürülən tankla yenidən döyüşə gedir”.

Vətən müharibəsi zamanı düşmənə qan udduran və adlarını əbədiyyətə yazdıran minlərlə igidimiz oldu. Məhz onların göstərdikləri şücaət nəticəsində Azərbaycanımızın ərazi bütövlüyü bərpa olundu. Belə igidlərimizdən biri də 28 yaşlı şəhid tankçımız Fariz Zülfüqarzadədir.

Şəhidin anası Həqiqət xanım Zülfüqarova Sputnik Azərbaycan-a bildirib ki, yalnız kiçik oğlu hərbçi olmaq qərarına gəlib:

- Fariz 2012-ci ildə həqiqi hərbi xidmətə getdi. Həmin vaxt hərbidə qalmaq istəyirdi, atası ilə telefonda danışanda bu arzusunu demişdi. Atası ona: “Özün bilərsən, qalmaq istəyirsənsə, qal”, - dedi. Sonra orduda qalmadı, xidmətini bitirib evə qayıtdı. İlyarım Lənkəranda işlədi. Daha sonra Ağcabədidə hərbçi olan bacım oğlu gəlib müddətdən artıq hərbi xidmətçilərin lazım olduğunu dedi. Fariz də sənədlərini hazırlayıb öz istəyinə uyğun yenidən hərbiyə getdi.

© Sputnik / Rahim MuradovŞəhid Fariz Zülfuqarzadənin ailə üzvləri
Əzrayılı iki dəfə aldadan Fariz: Döyüşə tez dönsün deyə hospitala getmədi - Sputnik Azərbaycan
Şəhid Fariz Zülfuqarzadənin ailə üzvləri

- Oğlunuz 2016-cı il Aprel döyüşlərinin də iştirakçısı olub. Farizin həmin vaxt döyüşdüyündən xəbəriniz var idimi?

- Yox. Mənə heç vaxt döyüşlərdə iştirak etdiyini deməyib. Evdəkilərin hamısına deyərdi, mənə gələndə isə boynuna almazdı. Vətən müharibəsində iştirak etdiyini də mənə heç vaxt deməmişdi. Mən Farizin döyüşdüyünü şəhid olana qədər bilməmişəm. Həmişə də soruşanda ana, mənim öhdəmə düşən işi görüb təhvil vermişəm, mən orada deyiləm söyləyirdi.

- Fariz sonuncu dəfə kiminlə əlaqə saxlayıb?

- Hər gün bizimlə telefonla danışırdı. Atası ona özündən muğayat olmasını tapşırardı. Ən çox mənimlə danışardı. Elə gün olardı, iki dəfə, bəzən üç dəfə zəng edərdi. Şəhid olmamışdan bir gün qabaq mənimlə, sonra qardaşı ilə danışdı. Zarafat etməyi xoşlayan idi. Həmişə də gülə-gülə danışardı, elə bil heç müharibədə deyildi. Qətiyyən müharibədə olduğunu hiss etdirməzdi. Bacım mənə Farizin döyüşdə olduğunu deyəndə mən inanmadım, onun başqa yerdə olduğunu düşünürdüm. Bəlkə də mənim fikir çəkməyimdən qorxurdu deyə müharibədə olduğunu demirdi. Oktyabrın 19-da sübh çağı mənə zəng vurdu, danışdıq. “Ana, necəsən? Mən sizi çox sevirəm, özünüzdən muğayat olun! Ana, özünü qoru, öpürəm səni”, - dedi. Onun mənə dediyi son söz bu oldu...

© Sputnik / Rahim MuradovŞəhid Fariz Zülfuqarzadənin qayınanası Xeyri xanım və azyaşlı qızı
Əzrayılı iki dəfə aldadan Fariz: Döyüşə tez dönsün deyə hospitala getmədi - Sputnik Azərbaycan
Şəhid Fariz Zülfuqarzadənin qayınanası Xeyri xanım və azyaşlı qızı

- Oğlunuz "Vətən uğrunda medalı" ilə təltif edildi.

- Bir valideyn kimi yoxluğu mənə çox ağır gəlir, ancaq belə bir övladımın olması mənim üçün böyük fəxrdir. Elini, torpağını vətənini sevən oğul böyütdüyümüz üçün onunla fəxr edirəm. Öz övladlarını həddən artıq sevirdi. Övladlarına qarşı olan arzusu da böyük idi, onları oxutdurmaq istəyirdi. “Ana, sən bizi necə tərbiyə edib böyütmüsənsə, mən də öz övladlarımı elə böyüdəcəyəm”,- deyərdi. Mənim də ən böyük arzum Farizin balalarının onun özü kimi, vətənini, elini sevən, böyüklərə daim hörmət bəsləyən tərbiyəli övladlar olmasıdır.

Şəhidin qardaşı Fərid Zülfüqarov qardaşı ilə Vətən müharibəsi başlamamışdan iki gün öncə danışdığını deyir:

- Sentyabrın 25-də mənə zəng vurdu. Evdəkilərdən muğayat olmağımı tapşırdı, yenə də əlaqə saxlayacağını dedi. Dörd gün sonra dostunun telefonu ilə zəng elədi və müharibənin ilk günlərində tankının vurulduğunu bildirdi. Əllərinin yaralandığını dedi, çox da açıq danışmadı. Mən tankda olan digər heyəti soruşduqda onlardan birinin kontuziya aldığını, digərinin isə yanaraq yaralandığını dedi. Məndən olanları evdəkilərə deməməyi, xüsusən də anamıza deməməyi xahiş etdi”.

Qəhrəman tankçımızın əmisi oğlu Tərlan Zülfüqarov Farizin həmişə öndə gedənlərdən olmağı xoşladığını bildirdi:

- Farizlə uşaqlığımızdan bir evdə böyümüşük. Hətta bir qabda yemək yeyirdik. Həmişə öndə olmağı xoşlayırdı. Bu səbəbdən də o, tankçı olmağı seçmişdi, çünki tank həmişə öndə gedir. Vətənə layiqincə xidmət etməsi üçün də hərbçi olmağa qərar verdi.

© Sputnik / Rahim Muradov
Şəhid Fariz Zülfuqarzadənin ailə üzvü - Sputnik Azərbaycan
1/3
Şəhid Fariz Zülfuqarzadənin ailə üzvü
© Sputnik / Rahim Muradov
Şəhid Fariz Zülfuqarzadənin qayınanası Xeyri xanım - Sputnik Azərbaycan
2/3
Şəhid Fariz Zülfuqarzadənin qayınanası Xeyri xanım
© Sputnik / Rahim Muradov
Şəhid Fariz Zülfuqarzadənin ailə üzvü - Sputnik Azərbaycan
3/3
Şəhid Fariz Zülfuqarzadənin ailə üzvü
1/3
Şəhid Fariz Zülfuqarzadənin ailə üzvü
2/3
Şəhid Fariz Zülfuqarzadənin qayınanası Xeyri xanım
3/3
Şəhid Fariz Zülfuqarzadənin ailə üzvü

- Fariz neçə dəfə və necə yaralanıb?

- Fariz öz xidmətindən və xidməti yerindən danışmağı xoşlamırdı. Bizə başsağlığına gələn qazilərimizin sözlərinə görə, düşmən postunu alandan sonra Fariz tankı tərk edərək hərbi qənimətləri götürmək üçün posta girir. Çölə çıxdıqda tankının vurulub yandığını görür. Hərbi qənimətləri ataraq tez yanan tankda qalan ekipaj üzvlərini çıxarmağa başlayır. Öz yoldaşlarını xilas edən zaman Farizin əlləri yanır  və yüngül xəsarət alır. Həmin ərəfədə Farizin də tankda qalıb yanaraq şəhid olduğunu düşünürlər. Lakin o bir gün sonra hərbi hissəyə qayıdır. O hətta döyüşə tez dönsün deyə hospitala getməkdən imtina edir. Ona görə də ilkin tibbi yardım alan kimi düşməndən qənimət götürülən tankı götürüb yenidən döyüşə gedir. Artıq Fariz həm tank komandiri, həm tuşlayıcı və həm də atıcı olur. İşinin peşəkarı idi, 20 gün boyunca düşmən daim onun tankını vurmağa çalışırdı. İşğalçı düşmən şəhidimizin bu tankını da vurur, üçüncü dəfə o yenə bir tank götürür, bu dəfə daha da irəliyə atılır. Lakin üçüncü dəfə düşmənin mərmisinə tuş gələn tankda Fariz yenə ekipaj üzvlərini xilas etsə də özü tankın içərisində qalaraq qan itkisindən şəhadətə ucalır.

© Sputnik / Rahim MuradovŞəhid Fariz Zülfuqarzadənin ailə üzvü
Əzrayılı iki dəfə aldadan Fariz: Döyüşə tez dönsün deyə hospitala getmədi - Sputnik Azərbaycan
Şəhid Fariz Zülfuqarzadənin ailə üzvü

Rayonumuzun Kərgəlan kəndindən olan Əliabbas adlı qazimiz var. O bir dəfə bizə başsağlığı verməyə gəlmişdi. Qazi Əliabbas Vətən müharibəsi zamanı yaralananda  Fariz onu xilas edib və hərbi tibbi yardım avtomobilinə çatdırıb. Hospitalda müalicə alan zaman qazimiz Lənkərandan olan Fariz Zülfüqarzadənin şəhid olmasını eşidib. Odur ki, müalicəsi bitən kimi gəlib bizə baş çəkib başsağlığı verdi.

Onu da əlavə edək ki, MAXE şəhid Fariz Fərhad oğlu Zülfüqarzadə 2016-cı il Aprel döyüşlərində, Lələtəpə uğrunda gedən savaşın fəal iştirakçılarından olub. Həmin vaxt döyüşdə göstərdiyi şücaətlərinə görə Müdafiə Nazirliyi tərəfindən Fəxri fərmanla təltif edilib. Vətən Müharibəsi zamanı isə cəsur tankçımız Fariz Zülfüqarzadə Füzuli, Zəngilan və Qubadlı ətrafında gedən döyüşlərdə fəal iştirak edib və 19 oktyabr tarixində Qubadlıda şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Zülfüqarzadə Fariz Fərhad oğlu ölümündən sonra  “Vətən uğrunda” medalı ilə, eləcə də Prezidentin 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, “İgidliyə görə” medalı ilə təltif edilib. Allah rəhmət eləsin!

Xəbər lenti
0