Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 1 yanvar — Sputnik. Təqvim yenilənən zaman Azərbaycanda ilk dünyaya gələn uşaq Goranboyda doğulub. Saat 00:01-də Rayon Mərkəzi Xəstəxanasında rayonun Zeyvə kənd sakini Rühəngiz Qədimova qız uşağı dünyaya gətirib.
Bu, həm rayonda, həm də ölkədə ilk doğuş kimi qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, ailəyə sevinc bəxş edən uşağa Gülay adı verilib. Qızcığazın anası R.Qədimova sevincinin hədsiz olduğunu, övladının 2021-ci ilin ilk dünyaya gələn uşağı kimi tarixə düşməsinə sevindiyini bildirib:
“İkinci övladımdır, birinci uşağım oğlandır. 2021-ci ildə dünyaya gələcəyini bilirdik, amma ilk uşaq olacağı bizi daha çox sevindirdi. Babası ona Gülay adını verib. Çəkisi 3 kq 300 qramdır. Sağlamdır. Çox sevincliyəm. Qeyd etmək istiyirəm ki, Gülay şəhid Elxan Rəsulovun qardaşı qızıdır. Yoldaşımın qardaşı E. Rəsulov Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.”, - deyə o, bildirib.
Goranboy Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri İradə Həsənova Sputnik Azərbaycan-ın bölgə müxbirinə uşağın və ananın vəziyyətlərinin normal olduğunu bildirib.
Xatırladaq ki, daha əvvəl Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsi 2021-ci ildə Azərbaycanda doğulan ilk körpənin qız olduğunu bildirmişdi. Məlumatda qeyd olunurdu ki, ilin ilk doğumu saat 00:48-də 4 saylı doğum evində qeydə alınıb. Körpənin çəkisi 2 kq 700 qramdır.